Qiymət dəyişikliyi keyfiyyət yenilənməsinə hesablanıb – Sərnişindaşımadakı problemlər həll olunur?backend

Qiymət dəyişikliyi keyfiyyət yenilənməsinə hesablanıb - Sərnişindaşımadakı problemlər həll olunur?

Xəbər verdiyimiz kimi, ötən gün ictimai və hava nəqliyyatı ilə ölkədaxili sərnişindaşıma xidmətləri üzrə tarifləri yeniləndi. Eyni zamanda dizel yanacağının və Aİ-92 benzinin qiyməti müvafiq olaraq 20 və 10 faiz bahalaşdı.

Qiymət artımını zəruri edən səbəblər…

Bahalaşma müəyyən narazılığa səbəb olsa da, bəzi səbəblərə görə zəruri idi. Çünki bu qiymət artımları birbaşa xidmətlərin və məhsulların keyfiyyətinin artırılmasına yönəlib. Bu gün ictimai nəqliyyatdan heç də hər kəs razı deyil. Xüsusən də şəhərətrafı avtobuslar kifayət qədər köhnədir. Bu avtobuslarda isti havalarda getmək bir ayrı dərddir. Daşıyıcı şirkətlər də imkansızlıq səbəbindən avtoparkı yeniliyə bilmir. Nəzərə alaq ki, ötən ilin əvvəllərində nəqdiyyatda daşıma xərcləri 30 faiz bahalaşıb. Lakin bu qiymət artımından sonra dövlət avtodaşıyıcılara verdiyi subsidiyalar dayandırdı. Bununla da 30 faizlik qiymət artımı xidmətin keyfiyyətinə elə də ciddi təsir etmədi.

Hazırda Bakı şəhərində 2500 avtobusa ehtiyac var. Lakin daşıyıcı şirkətlər gün ərzində xəttə yalnız 2000 avtobus çıxara bilir. Ona görə də xətlərdəki intervallar bir qayda olaraq pozulur, uzanır. Üstəlik, köhnə avtobuslar bir çox hallarda mənzil başına gedib çıxa bilmir. Ən nəhayət, xətdə olan avtobusların 70-75 faizi dizel mühərrikli avtobuslardır. Bu avtobusların isə CO2 emissiyasının atmosferə atılmasında xüsusi payı var. Odur ki, problemlərin aradan qaldırılması üçün yeni avtobuslar alınmalıdır.

Yeni avtobuslar isə ortalama 200-250 min manat dəyərindədir. Hər şirkətin isə bu qiymətə yeni avtobus almaq imkanlı yoxdur. Cari ilin 6 ayı ərzində yalnız Bakı şəhərində 200-dən çox yeni avtobus istismara verilib. Bu da zəruri tələbatın 10 faizindən azdır. Yəni bu gün azı 2 min avtobus yenilənməlidir. Bunun üçün isə daşıyıcı şirkətlərə dövriyyə vəsaiti lazımdır. Məhz son qiymət artımı da bu məqsədə xidmət edir. Daşımalardakı 25 faizlik qiymət fərqi imkan verəcək ki, şirkətlər köhnə avtoparklarını müəyyən həddə qədər yeniləsin. Əgər yaxın zamanlarda Bakı şəhərində avtobusların sayı 2500-ə çatdırılsa, o zaman marşurut xətlərindəki interval azalacaq, xidmətin keyfiyyəti artacaq. Ən əsası müştəri məmnunluğu yaranacaq. Son nəticədə isə ictimai nəqliyyatdakı əlçatanlıq paytaxtdakı sıxlığı aradan qaldıracaq.

Hələ onu demirik ki, yeni alınan avtobuslar əsasən elektriklə işləyir. Bu ilin 6 ayında ölkəmizə 160 elektrobus gətirilib. İlin sonuna qədər bu göstəricinin 2 dəfə artacağı gözlənilir. Bu da ətraf mühitin sağlamlaşdırılmasına və ekoloji tarazlığın bərpasına yeni imkanlar açır.

Stimullaşdırıcı tədbirlər…

Daçıyıcı şirkətləri yeni avtobus almağa təşviq etməklə yanaşı, xidmət səviyyəsinin yüksəldilməsi, daha rahat və sürətli daşımanı təmin etmək məqsədilə davamlı tədbirlər görülür. Məsələn, son 6 ayda Bakıda 21 küçə və prospektdə uzunluğu 65 kilometr olan xüsusi avtobus zolaqları təşkil edilib. Bu da avtobusların daha rahat və maneəsiz hərəkətinə imkan verəcək. Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin təşkili üçün ilin sonundək daha 31 küçə və prospekti əhatə edən 44 kilometr uzunluğunda avtobus zolaqlarının təşkili həyata keçiriləcək.

Beləcə, Bakı şəhərində tam yeni infrastruktur formalaşdırılacaq. Bu məqsədə çatmaq üçün Bakı şəhərinin mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə yeni marşrut şəbəkəsi təsdiq edilib. Bu planlar çərçivəsində yaxın günlərdə Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrində 5 yeni marşrut xətti istifadəyə verilməklə bu şəbəkənin tətbiqinə başlanılacaq.

Bakı şəhəri ilə yanaşı digər mərkəzi şəhərlərdə də bu istiqamətdə zəruri tədbirlər görülür. Etiraf etməliyik ki, uzun müddətdən sonra şəhərlərarası daşımalarda ilk dəfə olaraq Bakıdan Gəncə, Mingəçevir, Zaqatala, Bərdə və Tərtər istiqamətlərində yeni avtobuslar istifadəyə verilib və bu proses davam edir.

Hamının və hər kəsin metrosu…

Tarif Şurasının son qərarına əsasən, metroda da gediş haqqı 25 faiz bahalaşıb. Bu artımı nə qədər qınasaq da, etiraf etməliyik ki, metro hazırda paytaxt sakinlərini razı salan bəlkə də yeganə nəqliyyat növüdür. Gün ərzində bir milyona yaxın insan metronun xidmətindən istifadə edir. Tıxaclardan uzaq olan bu nəqliyyat vasitəsinin coğrafiyasını genişləndirmək üçün dövlət davamlı tədbirlər görür. Məsələn,metro infrastrukturu və yeni stansiyaların tikilməsi üzrə işlər davam etdirilir. Yaxın 20 ildə 20-dək yeni stansiya istifadəyə veriləcək. Beləcə, paytaxtla yanaşı ətraf ərazilərdə yaşayan insanlar da metronun xidmətlərindən yararlana biləcək. Amma nəzərə alaq ki, metropolitenin kifayət qədər problemləri var. Bu gün metro qatarlarının 60 faizi köhnədir. 70 faiz qatarda kondisioner sistemi yoxdur. Ona görə də metroparkın yenilənməsi bir zərurətdi. Doğrudur, dövlət bunun üçün müvafiq addımlar atır. Məsələn, bu il 65 yeni vaqon sifariş edilib. Bu vaqonlardan 35 ədədinin bu ilin sonuna qədər ölkəyə gətirilməsi nəzərdə tutulur. Bu vaqonlar ən müasir tələblərə cavab verir.

Amma dövlət onsuz da dotasiya hesabına ayaqda qalan metronun bütün xərclərini qarşılaya bilmir. Ona görə də ilk növbədə metronun ziyanla işləməsini aradan qaldırmaq lazımdır. Hazırda Bakı Metropoliteni 1 sərnişini 85 qəpiyə daşıyır. Amma son artımdan sonra belə sərnişindən bu xərcin təxminən yarısı alınır. Nəzər alaq ki, qonşu Gürcüstanda metro gedişi 1 manat, Rusiyada isə 1, 4 manatdır. Ona görə də metroda gediş haqqının qaldırılması qaçılmaz idi.

Odur ki, son dəyişikliyin hədəfi xidmətin keyfiyyətini artırmağa hesablanıb.

Bəs yeni tariflər nəyə hesablanıb?

– Xidmət keyfiyyəti və müştəri məmnuniyyətinin artırılmasına

– İstehlakçı ilə xidmət göstərən tərəflərin maraqlarının uzlaşdırılmasına

– Xidmətin dayanıqlılığının və iqtisadi əlverişliliyin təmin olunmasına

– Ölkədaxili sərnişindaşıma xidmətləri üzrə davamlılığın təmin edilməsi, keyfiyyətin yüksəldilməsinə

– Avtobus parklarının yenilənməsi, metro infrastrukturunun genişləndirilməsinə

– Vətəndaşların ictimai nəqliyyatdan daha rahat istifadəsinə səbəb olan yeni sərmayələrin cəlbinə.

Göründüyü kimi yeni qiymət artımı pessimizmdən daha çox optimismə əsas yaradır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*