backend

Qiymətlər iyundan sonra böyük sürətlə artacaq - ƏTRAFLI

Surxay Atakişiyev

Azərbaycanda yanvarın 4-dən Tarif (qiymət) Şurasının qərarı ilə  Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 90 qəpikdən 1 manata, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpikdən 80 qəpiyə kimi artırıldı. Beləcə, hökumətimiz bizi yenə məyus etdi. Çünki cəmi bir həftə əvvəl dövlət büdcəsi təsdiq olunmuşdu.

Büdcədə göstərilmişdi ki, minimum ehtiyac səbəti, minimum əməkhaqqı və təqaüdlər növbəti ildən artacaq. Mən o zaman barmağımı dişlədim ki, həə, nəsə “torbada pişik var”. Hökumətimiz yenə bizə sürpriz hazırlayır. Çünki hər zaman belə olub. Əvvəlcə sevindirirlər, sonra o sevincin 5-6 qatını gözümüzdən gətirirlər. Əslinə baxsan, bu qiymət artımına zərurət  yox idi. Çünki dünya bazarında neftin qiymətində elə bir sıçrayış baş verməmişdi. Üstəlik, Azərbaycan neft ölkəsidir. Neftin qiymətində dünyada baş verə biləcək dəyişiklik əslində Azərbaycanın daxili bazarı üçün əhəmiyyətsiz olmalıdır. Çox təəssüf ki, belə deyil.

Mən hər zaman bu fikirdə olmuşam ki, biz başqa qalaktikada yaşayırıq. Dünyada baş verən müsbət tendensiyanın bizim cəmiyyətə qətiyyən təsiri yoxdur. Biz hər zadı özümüz icad edirik. Sonra da onu cəmiyyətə sırıyırıq. Sırıqçılarımızsa çoxdur. Yerindən duran özünü iqtisadçı ekspert kimi təqdim edir. Onlar da quzğun leşə döşənən kimi döşənirlər xalqın canına. Deyirlər ki, Tarif Şurası düz edir.

Məsələn, özünü iqtisadçı-ekspert adlandıran Anar Həsənli kimi. O, “Report”a verdiyi açıqlamasında bildirir ki, yanacaq tariflərinə edilən dəyişiklik dünya bazarında cərəyan edən tendensiyadan doğan zərurətdir. Fikrini də öz aləmində belə əsaslandırır: “Ölkəmiz dünya iqtisadiyyatına fəal şəkildə inteqrasiya olunur və orada cərəyan edən tendensiyadan kənarda qala bilməz.

Belə ki, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 ABŞ dolları olduğu halda, 2020-ci il dekabrın sonunda artıq 1,04 ABŞ dolları (1,77 manat) təşkil edib. Yəni qiymət il ərzində 14 % artıb. Yaxın qonşularımız olan Türkiyə, Gürcüstan və Rusiyada da ötən il benzinin qiymətlərində artım müşahidə olunub”. Bu yerdə Anar bəyin fikirlərini yarımçıq kəsib soruşmaq istəyirəm ki, uzaq Avropa ilə işim yoxdur.

Amma bilirsənmi ki, Gürcüstan neft idxal edən ölkədir?! Gürcüstandakı orta aylıq əməkhaqqı ilə bağlı məlumatın varmı?! Bilirsənmi ki, orada səhiyyə və təhsil işçilərinin orta aylıq əməkhaqqı min dollara yaxındır?! Hökumət söz verib ki, bu ilin sonunadək müəllimlərin əməkhaqqını 1200 dollara qədər yüksəltsin. Bununla paralel Anar bəy bilirmi ki, Gürcüstanın xarici borcu 19,7 milyard dollara və ya ölkə ÜDM-nin 120 faizinə çatıb?! Bu, iqtisadi faciədir. Bununla belə Gürcüstan 2021-ci ildə dövlət büdcəsindən sosial sahələrə 6 milyard lariyə yaxın vəsait ayırıb. Bu isə ümumi büdcənin 30 faizinə yaxındır. Amma bizdə 2021-ci il dövlət büdcəsində müqayisəli şəkildə götürəndə ən çox artım polis və prokurorluq işçiləri üçün nəzərdə tutulub.

Hələ onu demirəm ki, Gürcüstan Azərbaycanın tikdiyi tranzit dəhlizlərin hesabına büdcə formalaşdırır. Çünki ölkənin əsas gəlir sahələrindən biri olan turizm sektoru COVID-19 üzündən bir ildir iflic olub.

Ən nəhayət onu da xatırladım ki, Gürcüstan hökuməti yeni il ərəfəsində əhalini sevindirdi. Mavi yanacağın qiymətini aşağı saldı. Özü də bizim hesabımıza. SOCAR-la aparılan danışıqlar hesabına qazın topdansatış qiyməti xeyli aşağı salındı. Amma SOCAR öz xalqına qarşı qiymət təcavüzü edir. Yanacağın qiymətini qaldırır. Qalxan qiymətlər hesabına Əli Həsənovun ideoloji xəttini davam etdirən 4-5 televiziyanı, onlarca  KİV-i maliyyələşdirir.

Milyonlarla yetim-yesirin son qəpiyini əlindən alaraq Tolik kimi buqələmunlara yedizdirməklə SOCAR nə düşünür? Azərbaycan hazırda premium benzini xaricdən alır. Nəyə görə? SOCAR gedib Türkiyədə, Rusiyada ən müasir neftayırma zavodu inşa etdirir. Amma ölkəmizdə belə bir layihənin icrası 10 ilə yaxındır kağız üzərində qalıb.

Bu gün ölkə başçısının əsas hədəfi yerli istehsalı stimullaşdırmaq və idxaldan asılılığı aradan qaldırmaqdır. Bəs SOCAR-ın son hədəfi nədir? İki ildən bir hesabat hazırlayıb Tarif Şurasına təqdim edərək qiymətləri qaldıran SOCAR-ın sosial narazılığı artırmaqda məqsədi nədir?

SOCAR qiymət artımının digər səbəbini neft emalı sənayesində yenidənqurma işlərinin aparılması üçün əlavə vəsaitlərin cəlb edilməsi kimi izah edir. Xatırladım ki, “Azneftyağ” İB neçə illərdir fəaliyyətini dayandırıb. Əsas emalçı Bakı Yeni Neftayırma zavodudur. Bu zavodun isə genişlənib, yenidən qurulmasından söhbət belə getmir. Bəs onda niyə yalan informasiya verilir?

Yenə deyirəm, Qaradağ rayonu ərazisində müasir neft emalı kompleksinin tikintisi SOCAR tərəfindən ildən-ilə yubadılır. Əvəzində neft istehsal və ixrac edən Azərbaycan yanacaq idxal edən ölkəyə çevrilir. Nəyə görə?

Ən nəhayət, qiymətləri büdcə gəlirlərini artırmaq məqsədi ilə qaldırdıqlarını söyləyirlər. Xatırladım ki, dövlət büdcəsinin əsas hissəsi xam neftin ixracından gələn gəlirlər hesabına formalaşır. Neft məhsullarının pərakəndə satışından gələn gəlir isə büdcədə bir faizdən azdır. Bəs elə isə qiymət artımı büdcəyə nə kimi müsbət təsir edəcək? Əlbəttə ki, bu ehtimal sıfıra bərabərdir. Bəs reallıqda nə olacaq?

Nəzərə alaq ki, hazırda yük və sərnişin daşımalarında metro və dəmiryolu istisna olmaqla 90 faiz dizel yanacağından istifadə edilir. Bu isə o deməkdir ki, sözügedən sahələrdə xidmətlərin qiymətləri ya 33 faiz qalxacaq, ya da keyfiyyət bir o qədər aşağı düşəcək. Onu da qeyd edim ki, bu gün istehsal olunan məhsulun istehlakçıya çatdırılmasındakı qiymətlərdə daşımaların payı 15-20 faiz arasında dəyişir.

Deməli, bütövlükdə ölkə üzrə qiymətlər ən azı 30-35 faiz artacaq. Bu hesabla da bir çox istehsalçılar rəqabətə dözməyib fəaliyyətlərini dayandıracaq. Bu da bir tərəfdən işsizliyin sayını artıracaq, digər tərəfdən isə büdcə gəlirlərini azaldacaq. Son nəticədə ölkə iqtisadiyyatı xeyli ziyana düşəcək. Hələ onu demirəm ki, kənd təsərrüfatı sənayesi 100 faiz dizel yanacağı ilə işləyir. Bu isə o deməkdir ki, kənd təsərrüfatında məhsulun maya dəyəri ən azı 33 faiz şişəcək. Kənd təsərrüfatı olan ölkə üçünsə bu, heç də yaxşı gələcək vəd etmir. Ona görə də yaxın aylarda qiymətlər yavaş-yavaş, iyundan sonra isə böyük sürətlə artacaq.

KONKRET.az

  • İlqar
    Yanvar 6, 2021 - 22:37

    Uşaqların pulları niyə verilmir?

  • Namiq
    Yanvar 7, 2021 - 00:37

    Bu tarif şurasında, socarda oturan ağıllılar hansı xalqa, hansı dövlətə xidmət edirlər. Bunların təklifinə imza atanlar bu təklifləri iqtisadçılarla məsləhətləşmirlərmi

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*