“Qız pozğun imiş, bilməmişik” – Ata ölənə qədər qızını danışdırmadıbackend

"Qız pozğun imiş, bilməmişik" - Ata ölənə qədər qızını danışdırmadı

2 fevral-Gənclər günüdür. Artıq 25 ildir ki, Azərbaycanda bu gün bir növ gənclərin bayramı kimi qeyd edilir. Bu minvalla Azərbaycan gəncliyi bu gün daha bir əlamətdar günü qeyd edir. Pandemiya səbəbindən bu il gənclər bayramlarını təntənəsiz qeyd edir. Amma mən bu günün başqa bir narahatlığını yaşayıram. Qorxa-qarxa xəbər portallarını izləyirəm ki, görüm bu gün neçə gəncimiz özünə qəsd edib? Çünki intihar acı da olsa, günümüzün reallığına çevrilib. Və ən pisi də odur ki, bu intiharlar heç bir dövlət və qeyri-hökümət təşkilatını narahat etmir.

Maraq üçün Gənclər və İdman Nazirliyinin veb səhifəsinə baxdım. Gördüklərim məni təəccübləndirdi. Səhifə sonunca 2019-cu ildə yenilənmişdi. Və ən qəribəsi o idi ki, sonuncu dəfə səhifə prezidentin sabiq köməkçisi Əli Həsənovla, Baş nazirin keçmiş müavini Əli Həsənovun şəkilləri bəzədilmişdi. Bəlkə də bu həyatın ironiyası idi. Şəkillərdəki Əli Həsənovlar kimi gəncliyimizin də sonu yaxşı görünmür. Və yaxud Nazirliyin veb səhifəsi kimi durğunluq yaşayır. Hər iki variant məndə arzuolunmaz assosiyasiyalar yaradır. Amma neyləyəsən ki, acı da olsa reallıqdır.

Bu gün cəmiyyətimizdə erroziya gedir. Yaxşı nə varsa məhv olur. İtirdiklərimizinsə yerini Avropanın yanlışları ilə doldururuq. Milli dəyərlərimizi itirə-itirə, kökümüzdən, soyumuzdan qopuruq. Bu gün uşağımıza da, həyat yoldaşımıza da Avropa dəyərlərindən danışırıq. Öz aləmimizdə onlara mədəniyyət təlqin edirik. Əksinə, bilməyərəkdən ailəmizi kökündən qoparırıq. Elə bil ki, 200 yaşı olan palıd ağacını sıldırımlı qayalardan qoparıb, qumlu dəniz sahillərində yenidən əkirik.

  • Hesab edirik ki, bura daha səliqəli, daha gözəl və kəhkəşanlı yerdir. Lakin unuduruq ki, palıd qayada bitər, qumluqda yox. Bu gün gəncliyimiz qumluqda böyüyür, qara torpaqda yox. Qumluqda duruş gətirən ağacınsa kötüyü dərinə işləmir. Çünki bir az dərinlikdə qurunt suları var. O ziyanlı sular əkdiyimiz ağacları gec-tez qurudur. Bu gün biz də Avropa dəyərləri ilə uşaqlarımızın soyunu (əslində özümüzün) quruduruq. Bu gün cəmiyyətimizdə ailə dəyərlərini itirmişik.

Vaxt var idi ki, boşanan qızın valideynləri utandığından cəmiyyət içinə çıxa bilmirdi.  Düşünürdü ki, övladına düzgün tərbiyə verməyib, ona görə də ailəsi dağılıb. Və bunun xəcalətini ölənə qədər çəkirdi. Amma indi ailə quranların ən azı yarısı boşanır. Özü də çox qısa zamanda. Amma heç bir valideyn buna görə xəcalət çəkmir. Əksinə, cəmiyyətin üstünə gedir.

Qızın valideynləri adətən belə deyir: “Oğlan nəşəxor imiş”. Oğlanın valideynləri isə deyir ki: “Qız pozğun imiş, bilməmişik”. Beləcə hər kəs utanmadan, çəkinmədən “yoluna” davam edir. Amma əvvəlki kimi boşanan qadına yenə pis gözlə baxırıq. Əvvələr bu baxışlarda tənə var idi, qınaq var idi. İndiki baxışlarda isə hərislik var.

Başqa bir misal deyim. Ötən əsrin 90-cı illərinə qədər ara alverçilərinə, müğənnilərə qız vermirdilər. Yadımdadır ki, tanıdığım bir ailənin qızı bir müğənniyə qoşulub qaçdı. Həmin müğənni indi xalq artistidir. Amma ata ölənə qədər qızını danışdırmadı, qəbul etmədi. Çünki bu sahənin adamlarına yüngül həyat tərzi keçirən adamlar kimi baxılır. Amma indi hamı istəyir ki, qızı şou-əhli olsun. Ötən dəfə bir tanınmış bir şəxs efirdən deyir ki, “sağ olsun qızımı, onun hesabına pis keçinmirik”. Bu adamın da qızı şou əhlidir. Və çox təəssüf ki, bu gün cəmiyyətimiz bu şou əhlinin aurası ilə nəfəs alır, onlardan nümunə götürür. Bütün televiziyalar onların reklamı ilə məşğuldur. Gah onların avtomobilini göstərirlər, gah da ki, villalarını. Amma hamı yaxşı bilir ki, o villalar da, avtomobillər sənət hesabına görə yox, bədən hesabına qazanılıb.

Bax, Avropanın bizə təlqin edilən pozğun həyatı budur. Fikirlərimə iradı olan varsa qoy, zəhmət çəkib, görkəmli şairimiz Bəxtiyar Vahabzadənin “Amerika gözəli” poemasını oxusun.

Başqa bir detalı deyim. Vaxtilə cəmiyyətimizdə gözəl ənənələr var idi. Gənclər böyüklər olan yerə gəlməzdilər. Böyüyün sözündən çıxmazdılar. Avtobusda, metroda yaşlı adam görən kimi durub ona yer verərdilər. Amma indi bunların heç biri yoxdu. Soruşanda da deyir ki, “biz eyni hüquqa sahib insanlarıq”. Və yaxud “pulumu verib, yol gedirəm, Yerimi niyə başqasına verməliyəm ki?” Bax, bu günkü gəncliyin mayası ruşvətlə, pulla yoğrulub. Ona görə də ağzını açan puldan danışır. Bu gün cəmiyyətimiz rüşvət bataqlığında çabalayır. Hara baxırsan rüşvət, hara baxırsan pul tələsidir.

Doğum evi rüşvət, uşaq bağçası rüşvət, orta məktəb rüşvət, ali məktəb rüşvət, iş yeri qazanmaq rüşvət. Hətta öləndə də rüşvət verməliyik ki, bizə bir qarış yer versinlər. Sonra da deyirik ki, bizdə rüşvət yoxdur. Bu sözü deyənlərin özləri isə rüşvət pramidasının hansısa yerində qərar tutan insanlardır.

Rüşvətxor cəmiyyətdə də milli dəyər olmur, maddi dəyər olur. İndi hər şeyə maddiyyətin gözü ilə baxırıq. Ən adi insani hisslərimizi maddiyyata qurban vermişik. Yolda qalan qocaya maşın saxlamırıq, acından ölənə əl uzatmırıq, bizi kişi bilib üstümüzə gələni qəbul etmirik. Deyirik ki, “mənə nə”. Amma unuduruq ki, fələyin çarxı hər zaman dəyişər və biz də vaxtı ilə bizdən imdad diləyən, kömək uman insanların vəziyyətinə düşə bilərik. Amma düşünmürük. Daha doğrusu, düşünə bilmirik. Çünki hamımız zombiləşmişik. Zombilər yalnız qan iyinə tərəf getdiyi kimi biz də pul iyinə qaçırıq.

Aramızda olan təmiz, saf insanlar isə cəmiyyətimizin təzadlarına dözmür, intihar yolunu seçir. Sonuncu dəfə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçusu, kapitan Məmmədov Alim Nazim oğlunun intihar xəbərini eşitdik. Ondan bir gün əvvəl Tovuzda 25 yaşlı bir gənc özünü asdı. Bu gənclər inanmıram ki, hansısa maddi çətinliyə görə özlərinə qəsd etsin. Bu intiharların əsas səbəbi cəmiyyətimizdəki iyrəncliklər, eybəcərliklərdir. Təmiz, saf insanlar çoxlarımız kimi bu eybəcərliklərdə yaşamaq istəmir. Daha doğrusu, yaşaya bilmir. Və nicat yolunu intiharda görürlər…

Deyirlər dünya yaxşıların çiynində dayanır. Son illər təbii fəlakətlər yaman çoxalb. Yəqin ki, dünyanı çiynində saxlayan insanların sayı azalıb. Ona görə də dünyanın müvazinəti pozulub. Allah sonumuzu xeyir eləsin, Amin!…

Surxay Atakişiyev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*