Bu gün keçirilən buraxılış imtahanlarında 20-yə yaxın şagird (abituriyent) bədən hərarəti yüksək olduğu üçün imtahana buraxılmayıb. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, iyunun 10-da rayon və şəhərlərin imtahan qrafikinə uyğun olaraq ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
İmtahanların təşkil edilməsi üçün 117 imtahan binası, 1960 imtahan zalı, 117 ümumi imtahan rəhbəri, 316 imtahan rəhbəri, 2550 nəzarətçi – müəllim, 117 bina nümayəndəsi ayrılıb.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. Bütün imtahan binaları dezinfeksiya edilib və sanitar-gigiyenik tələblərə uyğun şərait yaradılıb.