Zəngəzur dəhlizinin açılması reallıqdır və bu üçtərəfli sazişdə də öz əksini tapıb. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayacaq dəhliz həm də regional kommunikasiyaların inkişaf etdirilməsinə töhvə verəcək. Bu layihədən ən çox xeyir görən ölkələrdən biri də məhz Ermənistan olacaq. Ermənistan bunu başa düşsə də, layihəyə qarşı çıxan ölkələrin təsirindən xilas ola bilmir. Zəngəzur dəhlizinə ən çox mane olan İrandır. Cənub qonşumuz dəhlizi özünün qırmızı xətti elan edib və Ermənistanı birmənalı şəkildə müdafiə edir. Elə buna görə də İran Qafanda konsulluq açmaqla öz mövqeyindən geri çəkilməyəcəyini bir daha nümayiş etdirdi.
Fransa da Zəngəzur dəhlizinə qarşı çıxan ölkələr sırasındadır. Bütün dövrlərdə Ermənistanın yanında olan və onun maraqlarını müdafiə edən Fransa indi də Zəngəzur bölgəsində konsulluq açmağı planlaşdırır. İrandan sonra Fransanın Qafanda konsulluq açması regionu əhatə edəcək kommunikasiya xətlərinə mane olmaqdır. Qafanı az qala diplomatik mərkəzə çevirən xarici güclər guya bununla Zəngəzuru qorumağı düşünürlər. Artıq məsələ ilə bağlı Milli Assambleyanın Fransa-Ermənistan dostluq qrupunun prezidenti Ann-Lorens Petel və Senatdakı eyniadlı qrupun prezidenti Gilbert Lüks Devinaz Fransanın xarici işlər naziri Ketrin Kolonnaya rəsmi məktub ünvanlayıb. Məktubda Azərbaycana qarşı hədə dolu məqamlar yer alır.
Həmin məktubu olduğu kimi təqdim edirik: “Azərbaycan Naxçıvanla quru əlaqəsinə nail olmaq istəməklə Sünikə (Zəngəzura – red) real təhlükə yaradır. Bu ambisiya Bosfor boğazının türk əhalisini Xəzər dənizi regionu ilə birləşdirmək üçün daha böyük pantürk planının bir hissəsidir. Bu kontekstdə hərbi balanssızlığın Azərbaycanın xeyrinə artdığı bir vaxtda sonuncunun həyata keçirəcəyi mümkün təcavüz fəlakətli nəticələrə səbəb ola bilər. Ermənistanı həmin təhlükədən xilas edə biləcək müttəfiqləri azdır. Onların arasında Fransa Ermənistanın ərazi bütövlüyünə və erməni əhalisinin təhlükəsizliyinə zəmanət verən ən sədaqətli dövlətlərdən biridir”.
Fransa xarici işlər nazirliyinə ünvanlanan məktubda belə deyilir və Qafanda Fransa konsulluğunun açılmasının zəruriliyi bir daha vurğulanır.
Gördüyünüz kimi, Cənubi Qafqazda sülhə mane olamaq istəyən qüvvələr hər gün bir plan hazırlayır. Ermənistan Azərbaycan sərhədinə Fransanın və Almaniyanın qoca polislərindən ibarət missiya qrupu göndərən Avropa, Ermənistanın maraqlarını müdafiə etməklə həm də xristian təəssübkeşliyi nümayiş etdirir.
Vəli Həsənov,
KONKRET.az