İran və Azərbaycan arasında sərhədin yenidən açılması iki ölkə münasibətlərində əsas mövzulardan birinə çevrilib. İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, sərhədlərin bərpası istiqamətində danışıqlar davam etdirilir.
Bəs, hazırkı mərhələdə İran–Azərbaycan sərhədinin açılması real görünürmü?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan bütün qonşu ölkələrlə -Gürcüstan, İran, Rusiya və Türkiyə ilə quru sərhədlərini açmalıdır:

Natiq Cəfərli
“Azərbaycan da quru sərhədlər açılmalıdır. Çünki quru sərhədlərin bağlı qalmasının nə pandemiya, nə də başqa məsələlərlə əlaqəsi var. Əksinə, bu vəziyyət ölkə iqtisadiyyatına, xüsusən də turizm sektoruna ciddi zərər vurur.”
Ekspertin sözlərinə görə, artıq sərhədlərin bağlı qalması beşinci ildir davam edir və bu, həm iqtisadi, həm də psixoloji baxımdan mənfi nəticələr doğurur:
“Mən düşünürəm ki, bu, artıq sonuncu il olmalıdır. Beş ildir quru sərhədlər bağlı saxlanılır. Bu da kifayət qədər psixoloji təsir göstərir və iqtisadiyyata mənfi təsirləri var.”
Cəfərli hesab edir ki, sərhədlərin açılması həm iqtisadi fəallığın artmasına, həm də regionda əməkdaşlıq imkanlarının genişlənməsinə gətirib çıxara bilər.
Aynurə İsmayıl
KONKRET.az
