Azərbaycanın quru sərhədlərinin açılması məsələsi yenidən aktuallaşıb. Maraqlıdır, Türkiyə ilə quru sərhədlərin açılması mümkündürmü?
Siyasi şərhçi Cavanşir Abbaslı KONKRET.az-a açıqlamasında bildirib ki, artıq 5 ildən çoxdur bağlı qalan sərhədlərin açılması həm iqtisadi, həm də sosial baxımdan vacibdir.
Onun sözlərinə görə, quru sərhədlərin bağlı qalması ölkə iqtisadiyyatına mənfi təsir göstərir və vətəndaşların gündəlik həyatına da ciddi maliyyə yükü yaradır:
“Hesab edirəm ki, qısa müddətdə quru sərhədlər açılmalıdır. Quru sərhədlərin bağlı qalmasına əsas yoxdur. Bu, həm iqtisadiyyata, həm də insanların həyat tərzinə mənfi təsir edir”, – deyə Abbaslı vurğulayıb.
Siyasi şərhçinin fikrincə, söhbət təkcə Türkiyə ilə sərhədlərin açılmasından getmir. Azərbaycan vətəndaşlarının istirahət və turizm baxımından üstünlük verdiyi digər ölkələrlə də quru yolların açılması olduqca əhəmiyyətlidir:
“Doğrudur, Türkiyə Azərbaycan üçün strateji tərəfdaş və qardaş dövlətdir. Amma yalnız bir ölkəyə fokuslanmaq düzgün deyil. Xüsusilə də turistik imkanları geniş olan ölkələrlə sərhədlərin açılması daha vacibdir. Hazırda insanlar həmin istiqamətlərə daha baha qiymətə üz tuta bilirlər”, – deyə o, qeyd edib.
Cavanşir Abbaslı hesab edir ki, son illərdə sərhədlərin bağlı saxlanılmasına əsas gətirilən səbəblər artıq aradan qalxıb:
“2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra torpaqlarımız işğaldan azad olunub, ölkənin ərazi bütövlüyü və suverenliyi tam təmin edilib. Digər milli məsələlərdə də problemlər həll olunub. Bu səbəbdən yaxın aylarda Azərbaycan hökumətinin sərhədlərin açılması ilə bağlı yekun qərar verəcəyi gözlənilir”.
Aynurə İsmayıl
KONKRET.az