Qusar Rayon İcra Hakimiyyətindən şəhid məzarları ilə bağlı AÇIQLAMA – FOTObackend

Qusar Rayon İcra Hakimiyyətindən şəhid məzarları ilə bağlı AÇIQLAMA - FOTO

Son günlər sosial şəbəkələrdə, müxtəlif informasiya saytlarında Qusar rayonunda dəfn edilmiş şəhidlərin məzarlarının düzəldilməməsi, qəbirüstü daşların hazırlanmaması ilə bağlı informasiyalar yayılır, bu barədə müxtəlif rəy və fikirlər səsləndirilir. Bəzi saytlarda Qusar rayonunun Həsənqala kəndindən olan şəhid İsmayılov Orxan Qədim oğlunun məzarının fotoşəkli yerləşdirilib və Qusar rayonunda şəhid məzarlarına, eləcə də şəhid ailələrinə laqeyd və biganə münasibət bəsləndiyi qeyd edilib.

KONKRET.az xəbər verir ki, Rayon İcra Hakimiyyəti bununla bağlı açıqlama verib.  Açıqlamada deyilir ki, “rayondakı bütün şəhid ailələri, eləcə də qazilər və onları narahat edən problemlər diqqət mərkəzində saxlanılır. Ötən müddət ərzində RİH başçısı və müavinləri şəxsən şəhid və qazilərin ailələri ilə görüşmüş, onları narahat edən məsələlər öyrənilib, həlli istiqamətində tədbirlərə başlanıb. Bütün bunlarla yanaşı, şəhid məzarlarının düzəldilməsi işləri də diqqət mərkəzində saxlanılır. II Qarabağ müharibəsi zamanı Qusar rayonu 32 şəhid verib. Şəhidlərin məzar daşlarının hazırlanması məqsədilə dekabr ayının əvvəllərində işlərə başlanılıb, bütün şəhidlərin məzarlarının mərmər örtükləri və baş daşları sifariş verilib. Artıq bütün məzarların betonlanma işləri başa çatdırılıb, 5 məzar mərmərlə üzlənərək baş daşları quraşdırılıb. 2021-ci ilin yanvar ayının 20-dək bütün şəhidlərin məzarlarının mərmər örtüklərinin və baş daşlarının quraşdırılması başa çatdırılacaq.

Rayon İcra Hakimiyyəti olaraq bildiririk ki, şəhid ailələrinin qayğıları daim diqqət mərkəzində saxlanılır və onları narahat edən məsələlərə bundan sonra da qayğı ilə yanaşılacaq. Bu hər bir vətəndaşın borcudur. Həssas mövzu olduğundan belə mövzularla bağlı informasiyalar işıqlandırılmazdan əvvəl məsələlərin ətraflı şəkildə araşdırılması daha məqsədəuyğun olardı. Qusar Rayon icra Hakimiyyəti həm bu, həm də digər sahələrdə kütləvi informasiya vasitələri ilə informasiya mübadiləsi etməyə və əməkdaşlığa hazırdır”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*