
Tanınmış rəssam Pərinisə Əsgərova (Pəri Miniatür) metronun “Xətai” stansiyasında təsvir olunan kompozisiyalarla bağlı tənqidi fikirlər səsləndirib. Bildirib ki, həmin təsvirlər bərbad və utancvericidir:
“O kompozisiyalar çox kobud, əyri-üyrü və başdansovdu işlənib. Elə bil ibtidai sinif uşağı çəkib. Quşların sanki beli qırılıb, adamın qaşı burnunun içinə girib, atın başı kvadratşəkillidir, həm də böyükdür və s.”.
Rəssam qeyd edib ki, metro kimi əhəmiyyətli bir yerdə, həm də görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Xətainin adını daşıyan bir stansiyada bu cür təsvirlərin olması milli-mənəvi dəyərlərimizə birbaşa xələl gətirir:
“Həmin stansiya əvvəllər erməni əsilli Şaumyanın adını daşıyıb. O “sənət əsərləri” də yalnız onun adına uyğun gələ bilərdi. Görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Xətainin adına uyğun deyil. Axı bu bizim mədəniyyətimizdir. Metrodan istifadə edən minlərlə insan, hətta turistlər incəsənətimizi bu şəkildə görə bilməzlər. Bu, kiminsə evində özü üçün çəkib divardan asdığı bir şey kimi olmamalıdır. Miniatür çox incə, zərif sənətdir. Və biz bu sənətin insanlara belə qeyri-peşəkarlıqla təqdim olunmasına göz yuma bilmərik”.
KONKRET.az məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin də mövqeyini öyrənib.
Qurumdan bildirilib ki, “Xətai” stansiyasının orta zalında Şah İsmayıl Xətainin dövlətçilik fəaliyyəti və yaradıcılığına həsr olunmuş bədii kompozisiya yeni deyil və 2000-ci ildə yaradılıb:
“Həmin dövrdə seçilmiş materialların keyfiyyətinin atmosferin aqressiv təsirlərinə uyğun gəlməməsi memarlıq tərtibatlarını təhlükəli vəziyyətə gətirmişdi.
Bir neçə il bundan əvvəl stansiyada aparılan əsaslı təmir və yenidənqurma işləri zamanı kompozisiyanın bərpa edilməsinə xüsusi yanaşılıb. “Bakı Metropoliteni” QSC rəhbərliyinin axtarışları nəticəsində Azərbaycan və SSRİ-nin Xalq rəssamı, Beynəlxalq Nehru mükafatı laureatı Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, həmçinin keramikaçı Elçin Cabbarov kompozisiyanın bərpası prosesinə cəlb ediliblər. Məhz bu sahədə fəaliyyət göstərən aparıcı mütəxəssislərin cəlb edilməsilə bədii-memarlıq kompozisiyasının bərpasına nail olunub.
Qeyd edək ki, məhz bu mütəxəssislər Azərbaycanın dahi şairi Nizami Gəncəvinin “Xəmsə”sinin motivləri əsasında yaradılan və metronun “Nizami” stansiyasını dünyanın ən gözəl stansiyalarından birinə çevirən pannolara 2016-cı ildə yeni həyat verən, mozaika elementlərinin yeniləməsində iştirak edərək, onun orijinal görkəmə qaytarılmasında böyük xidmət göstəriblər. Onu da əlavə edək ki, ölməz “Xəmsə”nin motivlərinə həsr olunmuş pannoların bərpası zamanı orijinal kaşı daşlarından istifadə olunub, onun uzunömürlüyünü, möhkəmliyini artırmaq, korroziyadan qorumaq üçün müasir inşaat materiallarından istifadə olunmasına xüsusi həssaslıqla yanaşılıb.
Şah İsmayıl Xətainin dövlətçilik və bədii yaradıcılığı ilə bağlı kompozisiyaya olan iradlarınızla bağlı bu mütəxəssislərin də peşəkar rəyini alaraq bildiririk ki, stansiyanın əsaslı təmiri və yenidənqurulması zamanı əsas məqsəd vaxtilə işlənmiş kompozisiyanın orijinallığını qorumaqla bərpa etmək və onun uzunömürlüyünü artırmaq idi. Bərpa və rekonstruksiya işləri zamanı stansiyada vaxtilə quraşdırılmış bədii kompozisiyaya bu və digər düzəlişlərin edilməsi yolverilməz olmaqla, müəllif hüquqlarının pozulmasıdır, eləcə də peşə etikasının tələblərinə ziddir. Bu səbəbdən vaxtilə quraşdırılmış sənət nümunəsinin bərpasına peşəkarlar dəvət olunaraq, hər hansı müdaxiləyə yol verilməyib və onlar əsas bərpa vəzifəsinə maksimum nail olublar.
Əlavə olaraq, onu da bildirmək istəyirik ki, əsas hədəflərdən biri də bu sənət nümunələrinin atmosfer təsirlərindən daha uzun müddət qorunmasına nail olmaq idi”.
Sevinc Paşayeva,
KONKRET.az