Son günlər Ramiz Mehdiyevin ətrafında baş verən hadisələr ictimaiyyət arasında geniş rezonans doğurub. Prezident Administrasiyasının sabiq rəhbəri barəsində cinayət işinin açılması və ona qarşı irəli sürülən ağır ittihamlar cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib ki, bu proseslər dövlətin daxili düşmənlərə qarşı apardığı sistemli mübarizənin tərkib hissəsidir.

Mütəllim Rəhimli
“Dövlət hər zaman iki fərqli düşmənlə qarşılaşır. Bunlardan biri xarici düşmənlərdir, digəri isə heç də onlardan geri qalmayan daxili düşmənlərdir. 2020-ci ildə başlayan 44 günlük Vətən müharibəsi ilə xarici düşmənlərimiz neytrallaşdırıldı. 2023-cü ilin sentyabrında isə dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il oktyabrın 14-də isə daxili düşmənlərə qarşı mübarizəyə start verilib,” – Rəhimli qeyd edib.
Sədr müavininin sözlərinə görə, Ramiz Mehdiyevə qarşı irəli sürülən ittihamlar onu göstərir ki, bütün bunlar təkbaşına həyata keçirilə biləcək əməllər deyil:
“Bu, məqsədli şəkildə qurulmuş və illərlə formalaşmış bir şəbəkənin fəaliyyətindən xəbər verir. Görünür ki, burada böyük bir komanda işi olub. Cəmiyyətimiz uzun müddət bu şəbəkənin dövlət əleyhinə fəaliyyətlərindən əziyyət çəkib. Bu səbəbdən də hazırda baş verən hadisələrə insanlar xüsusi diqqətlə yanaşır,” – o, deyib.
Mütəllim Rəhimli əlavə edib ki, mediada yayılan məlumatlara əsasən, Ramiz Mehdiyevin dövlətin müxtəlif strukturlarında təsir mexanizmləri mövcud olub və bu şəbəkə mütəşəkkil dəstə kimi fəaliyyət göstərib:
“Ölkə daxilində yaradılan bu monopoliya həm iqtisadi, həm də siyasi inkişafa ciddi maneələr törədib. İstintaqın gedişində isə bu şəbəkənin bütün sirlərinin açılacağı istisna olunmur.”
Müşviq Tofiqoğlu
KONKRET.az
