Ramiz Mehdiyev barəsində Səbayıl Rayon Məhkəməsi tərəfindən 4 aylıq həbs qətimkan tədbirinin seçilməsi və onun Cinayət Məcəlləsinin üç maddəsi ilə ev dustaqlığına məhkum olunması barədə iddialar yayılsa da, artıq iki həftədən çoxdur ki, bu məsələ ilə bağlı rəsmi qurumlardan heç bir açıqlama verilməyib.
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, məsələ ətrafında yaranan informasiya boşluğu ictimaiyyətdə suallar doğurur:

“Ramiz Mehdiyev haqqında və bu mövzu ilə bağlı media və sosial şəbəkələrdə çoxsaylı məlumatların yayılması təsadüfi deyil. Sözün açığı, onun Moskvaya ünvanladığı məktub kimi ölkənin mötəbər media qurumlarının birində məlumatın dərc olunması hər halda ciddiyə alınmalı məqamdır. Bu, həmin media qurumuna olan inam və etibar baxımından da önəmlidir.”
Politoloqun sözlərinə görə, rəsmi strukturların, xüsusilə hüquq-mühafizə orqanlarının bu məsələdə susqunluq nümayiş etdirməsi vəziyyəti daha da müəmmalı edir:
“Müstəqil media qurumu belə bir şəxs haqqında yalan məlumat yaya bilməz. Ramiz Mehdiyev uzun illər yüksək dövlət vəzifələrində çalışıb, ali orden və medallarla təltif olunub, Dövlət Təhlükəsizlik Şurasının üzvü olub. Belə bir şəxsə qarşı məqsədli kampaniyasının aparılması dövlət orqanlarının diqqətindən yayınmamalı idi. Lakin biz bunun baş vermədiyini görürük.”
Taleh Əliyev qeyd edib ki, rəsmi təsdiq və ya təkzibin olmaması yayılan məlumatların istintaq prosesi ilə bağlı ola biləcəyindən xəbər verir:
“Görünür, bu məsələdə ictimaiyyətə açıqlanmayan müəyyən istintaq hərəkətləri həyata keçirilir. Rəsmi strukturların susqunluğu da bununla bağlı ola bilər.”
Müşviq Tofiqoğlu
KONKRET.az
