Ermənistanın qeyri-konstruktiv mövqeyi Cənubi Qafqazda sülhü təhlükə altına alır. Otuz il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan region dövlətləri üçün daim təhlükə mənbəyidir. 44 günlük Vətən müharibəsində məğlubiyyətə uğrayan Ermənistan indi regionda yaranan geosiyasi vəziyyətlə barışmaq istəmir. Sözüylə əməli üst-üstə düşməyən Ermənistan rəhbərliyinin qeyri-peşəkarlığı nəticəsində regionda gərginlik artır. İki gün əvvəl Qarabağda erməni hərbi birləşmələrinin atəşkəsi pozması da sülh danışıqlarına mane olmaqdan başqa bir şey deyildi. Hər dəfə sülh danışıqları zamanı sərhəddə və ya Qarabağda atəşkəs pozulur və Ermənistan bundan faydalanmaq istəyir.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov KONKRET.az-a açıqlamasında ermənilərin təxribatına adekvat cavab verildiyini bildirir:
“Bu təxribatlar siyasi məqsəd daşıyır. Hədəf taktiki deyil, siyasi hədəfdir. Burada məqsəd aparılan danışıqlara təsir göstərməkdir. Ermənilərin danışıqlardan qaçmaq üçün başqa üsulu yoxdur. Onlar danışıqlardan yayınmağın ən yaxşı yolunu gərginliyin artmasında görürlər. Danışıqların normal keçməsi üçün sabitlik lazımdır, ermənilər isə buna imkan vermirlər.
Gərginlikdə isə maraqlı tərəflər çoxdur. Cənubi Qafqazdakı hadisələrdə həm Rusiya, həm də Rusiyaya qarşı olan qüvvələr maraqlıdır. Rusiyanın maraqları aydındır. Ruslar regionda özlərinin sülhməramlı missiyasının müddətini uzatmaq istəyir. Bunun üçün də regionda sabitlik pozulmalı, konflikt davam etməlidir. Rusiyaya qarşı olan qüvvələrə gəlincə, onlar burada öz maraq dairələrini genişləndirmək və Rusiyanı Cənubi Qafqazdan çıxartmaq üçün səylər göstərirlər. Ona görə də bölgədə gərginlik onlar üçün də lazımdır.
Ermənistanda olan Avropa missiyasının əsas məqsədi isə Rusiyaya qarşı etirazların artmasına yardım göstərməkdir. Onlar yerli əhali ilə aparılan işlərin sayəsində müəyyən qədər buna nail olublar. Ona görə də regiondakı gərginlik hər iki güc sahibinin marağındadır.
Ermənistanın hərbi-siyasi rəhbərliyi ilk gündən danışıqlara müyyən əngəllər yaradır. Bununla yanaşı Ermənistan rəhbərliyi heç vaxt müstəqil olmayıb, müstəqil qərar qəbul etməyib. Bunlar həmişə müxtəlif qüvvələrin təsiri altına düşür və onların sifarişlərini həyata keçirirlər. Deməli, hazırkı şərtlər altında bu gün sülh müqaviləsinin bağlanması çətindir.
Azərbaycan həmişə diplomatik yollara üstünlük verir. Amma erməni silahlı birləşmələrinin tərksilah edilməsi məsələsi də gündəmdədir. 10 noyabr üçtərəfli bəyannaməsinin 4-cü bəndinə görə, Qarabağ ərazisindən erməni hərbi birləşmələri çıxarılmalıdır. Düzdür, proses xeyli ləngiyir, amma bu istiqamətdə resurslar tükənməyib.
Vəli Həsənov,
KONKRET.az