Azərbaycanda dövlətin rəsmi fəaliyyət növü hesab edilən məktəblər az qala öz funksiyasını itirməkdədir. Geniş auditoriya, yeksək populyarlıq qazanan yeni fəaliyyət sahəsi -repetitorluq məktəbləri kölgədə qoyub. Gündən-günə vüsət alan bu sahənin fəaliyyəti əslində qeyri-leqaldır. Elm və Təhsil nazirliyi isə bunu ya görməzdən gəlir, ya da məktəblərin bu cür “işləməsi” onları tam qane edir. Evində hər gün 20-30 uşaqla məşğul olan müəllimin məktəbdə keyfiyyətli dərs keçməyə həvəsi olmayacaq. Bəs geniş yayılan qeyri-leqal fəaliyyət sahəsinin kökü nə vaxt kəsiləcək? Birmənalı deməliyik ki, repetitorluğun ən böyük dəstəkçiləri təhsilə cavabdeh olan şəxslərdir. Deməli, valideynləri ən çox narahat edən bu məsələ tezliklə düzələnə oxşamır.
Təhsil ekspert Elçin Əfəndi də bu fikirdədir. KONKRET.az-a açıqlama verən ekspert bildirib ki, Azərbaycanda uşaqları hələ ibtidai sinifdən repetitor hazırlığına göndərmək ənənəsi yaranıb:
“Bu da müəyyən problem yaradır. Ümumiyyətlə Azərbaycanda repetitorluğun qarşısını almağın bir neçə yolu var. Bunlardan biri də dərs yükünün və qəbul imtahanlarına daxil edilən fənlərin sayının azaldılmasıdır. Abituriyentlər 6-7 yox, ən azı 3 fəndən imtahan verilməlidirlər. Yalnız bu halda repetitorluğun qarşısı alına bilər. Əks halda bu proses günü-gündən kosmik sürətlə inkişaf edəcək. Bizdə repetitorluğa qarşı fərqli yanaşma var. Məsələn, Cənubi Koreyeda repetitorluğa ehtiyac o zaman yaranır ki, şagird konkret olaraq hər hansısa sahəni daha yaxşı bilir. Valideyn də istəyir ki, həmin fənlə bağlı şagird öz biliyini daha yaxşı inkişaf etdirsin. Bizdə isə yanaşma fərqlidir. Şagird ən zəif bildiyi fənn üzrə hazırlığa gedir. Ya da şagirdin istiqaməti dəyişdirilir. Texniki istiqamət üzrə hazırlaşan şagird, valideynin istəyi ilə humanitar yönümlü ixtisası seçməyə məcbur edilir. Nəticədə şagird əziyyət çəkir və yekunda heç bir nəticə əldə olunmur. Bununla da valideyn verdiyi məntiqsiz qərarın qurbanına çevrilir”.
Vəli Həsənoğlu,
KONKRET.az