backend

Rəşad Məcid Əlisa Nicatdan DANIŞDI: “Axırıncı dəfə onu keçən il kitab sərgisində görmüşəm”

Dünəndən tanınmış yazıçı-filosof Əlisa Nicatın maddi vəziyyəti ilə bağlı məsələ gündəmdən düşmür. Yazıçının mənzilində istilik sisteminin olmaması və acınacaqlı şəraitdə yaşaması isə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb. Belə ki, insanlar 100-ə yaxın kitab müəllifi olan yazıçıya qarşı laqeyd münasibətdən gileyləniblər.  Paralel olaraq ayrı-ayrı ziyalılar tərəfindən Əlisa Nicatın adına kart hesabı açılaraq yardım kampaniyasına start verilib. Lakin bu kampaniya müvəqqəti xarakter daşıdığından tanınmış yazıçının mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün kifayət etməyəcək. Bəs görəsən, Azərbaycan Yazıçılar Birliyi tərəfindən tanınmış yazıçıya hansı yardımların edilməsi planlaşdırılır?

Mövzu ilə bağlı KONKRET.aza açıqlama verən Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid deyib ki, AYB sədri Anar Rzayevin şəxsi təşəbbüsü ilə Əlisa Nicata 200 azn məbləğində yardım olunub: “Bu barədə Çingiz Abdullayev mənə yenicə yazaraq bildirib. Digər yazıçılar da yəqin ki, dəstək olacaqlar. Eyni zamanda tanınmış yazıçının adı gələn il üçün Prezident təqaüdü siyahısına salınacaq və hər ay 300 manat məbləğində təqaüd ala biləcək”.

“Yazıçılar niyə belə çətin vəziyyətdə yaşayır” sualını isə Rəşad Məcid belə cavablandırıb: “Çünki yazıçıların kitabları çap olunsa da, qonorar ala bilmirlər. Öz pulları ilə kitablarını çap etdirirlər. Əslində 100-ə yaxın kitab müəllifi olan Əlisa Nicata normal qonorar verilsəydi, bu cür çətinlikdə yaşamazdı”.

Rəşad Məcidin sözlərinə görə, Əlisa Nicat özü də Yazıçılar Birliyinə gəlməyib və heç bir müraciət etməyib: “Axırıncı dəfə mən onu keçən il Şahbaz Xuduoğlu tərəfindən təşkil edilən kitab sərgisində görmüşəm. Orada da müəyyən problemlərini dilə gətirib. Əlbəttə ki, Yazıçılar Birliyi “fəxri ad” və digər mövzularla bağlı məsələ qaldırıb. Evlə təmin olunması məsələsi də müzakirə edilə bilər. Sadəcə olaraq Əlisa Nicatın özü Yazıçılar Birliyindən uzaq durmamalı və problemlərini deməlidir. Uzun illər Əlisa Nicat bir guşəyə çəkilərək əsərlərini yazırdı, onu demək olar ki, heç kim görmürdü. Son illərdə Şahbaz Xuduoğlu onu tapdı, əsərlərini çap etdi və üzə çıxardı. Yəni demək olar ki, heç kimlə əlaqəsi yox idi”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*