Rəşad Sadıqov: “Heç vaxt yığmadan gələn təklifə “yox” demərəm”backend

Rəşad Sadıqov: "Heç vaxt yığmadan gələn təklifə "yox" demərəm"

“Yaxşı oyunun şahidi olduq. Meydan mübarizə var idi. Erkən qolla hesabı açdıq. Rəqibin böyük qüvvəi ilə irəli atılıb üzərimizdə təzyiq yaratması normal idi. Ani diqqətsizlikdən qol buraxdıq. İkinci hissədə isə oyunu bərabərləşdirə bildik. Komandama təşəkkür edirəm. Səfərdə çempiona qarşı bu cür mübarizəyə alqış düşür”.

KONKRET.az-ın məlumatına görə, bunu “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov səfərdə “Neftçi”yə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, futbol hesaba görə oynanılır: “Rəqib də qol vurandan sonra tam fərqli oynayır. Hesab 1:1 olarkən böyük qüvvə ilə irəli atıla bilməzdik. Bu, böyük ağılsızlıq olardı. Müdafiədə bəzi futbolçularımız yoruldu. Ona görə də ehtiyatlı oynadıq. Yaxşı hücumlarımız olsa da, sonluğunu gətirə bilmədik”.

O, Coşqun Diniyevin əvəzlənməsinin səbəbini açıqlayıb: “O, aparıcı futbolçulardan biridir, oyunu onun üzərində qururam. Onda da yorğunluq hiss etdim. Məcburiyyətdən dəyişdim. Rəqibin yarımmüdafiə xəttində sürətli futbolçular var. Bu səbəbdən dəyişikliyə əl atdım. Təmkin Xəlilzadə də yorulmuşdu. Qol epizodunda gecikdi. Ona oyun ərzində çox güc düşdü. Kritik həmlələri də oldu. Əlimizdən gələni etsək də, xal qazana bilmədik”.

Mütəxəssis komandasından razı qaldığını vurğulayıb: “Mənim üçün nəticə hər şey demək deyil. Komandanın mübarizə aparması daha önəmlidir. Bu gün qələbə qazanıb, oyunu sönük keçirsəydik, razı qalmazdım. Bu tempdə davam etsək, komanda daha da inkişaf edəcək”.

Sadıqov yığmanın baş məşqçisi vəzifəsinə namizəd göstərilməsinə də münasibət bildirib: “Kimsə adımı səsləndirib məni yığmanın sükanı arxasına layiq görürsə, sağ olsun. Hansısa klubdan təklif alsam, götür-qoy edərəm. Amma yığmadan nə vaxt təklif gəlsə, düşünmədən qəbul edərəm. 18 yaşımdan millidə oynamışam. Çünki mənim doğma komandamdır. Heç vaxt yığmadan gələn təklifə “yox” demərəm”.

Baş məşqçi Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin limit məsələsi və klublarda çalışan baş məşqçilərin millini düşünməməsi barədə fikirlərinə də toxunub: “Mən də çox söz deyə bilərəm. Amma nə danışırıqsa, onu əsaslandırmaq lazımdır. Qətiyyən o fikirlərlə razı deyiləm. Bu, tamam başqa mövzudur. Boş-boş şeylərin dalına düşməkdənsə, futbolumuzun xeyrinə olan qərarlar qəbul etməliyik. 2 U-21 limiti kimə lazımdır?”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*