“Rəsmi Tehran baş verənlərə rasional yanaşsaydı…” – Zəngəzur dəhlizi ətrafında niyə hay-küy qaldırılıb?backend

“Rəsmi Tehran baş verənlərə rasional yanaşsaydı...” - Zəngəzur dəhlizi ətrafında niyə hay-küy qaldırılıb?

Bir neçə gün öncə İranın “Mehr” agentliyi Prezident İlham Əliyevin və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Zəngəzur dəhlizinin açılması ilə bağlı səylərinin İranın maraqlarına zidd olduğunu yazıb.

Nəşrin bildirdiyinə görə, bu məsələdə Rusiya prezidenti Vladimir Putinin də dəhlizin açılmasına razılığını ifadə etməsi İran ilə münasibətlərə zərbə vura bilər. Qeyd edilən mövzuda İran diplomatik kanallarla narazılığını Rusiyaya çatdırıb.

Sitat: “Rəsmi Moskvanın dəhlizlə bağlı israrı İranla Rusiya arasında münasibətlərə zərbə vura bilər. Putinin diqqəti daha çox Ukrayna cəbhəsinə yönəlib. Tehran hökuməti dəfələrlə Zəngəzur dəhlizinə, başqa adla NATO-nun Turan yoluna qarşı çıxıb və hərbi təlimlərlə Bakıya mesaj çatdırıb. Dəhliz açılarsa, İran güc vasitəsilə buna müdaxilə edəcək. Tehranla Təl-Əviv rəjimi arasındakı gərginlik belə bir şəraitdə beynəlxalq güclərin əlinə fürsət verə bilər. Ayətullah Seyid Əli Xamenei sərt şəkildə xəbərdarlıq etdi ki, Moskva və Ankara bilməlidirlər ki, Cənubi Qafqaz regionunda istənilən dəhliz Tehranın qırmızı xəttidir və buna görə tərəflər cavab verməli olacaqlar”.

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tural İsmayılov bildirib ki, İranın Zəngəzur dəhlizinə yanaşmasında obyektivlik yoxdur:

“Bölgədə sərhədlərin dəyişdirilməsinə Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması səbəb olub. Bu gün İranın guya Zəngəzur dəhlizinin açılmağını hər hansı formada Azərbaycanın bölgədə sərhədləri dəyişməyi kimi təqdim etməsi absurddur və bi mövqe reallığı əks etdirmir”.

O qeyd edib ki, İran Ermənistana deyil, Azərbaycan, Türkiyə və Rusiyaya qarşı iddialar irəli sürür və bu, anlaşılan deyil:

“Türk dünyasının kommunikasıyalar baxımından birləşməsi, Azərbaycanın digər bölgələrindən Naxçıvana quru yolun təmin edilməsi ilə əlaqələrin daha da dərinləşdirilməsi İran və İrandakı bəlli dairələri ciddi formada narahat edən məqamdır. İran Zəngəzur dəhlizinin açılmasını özünün ideoloji yanaşması ilə şərh etməyə çalışır. Amma rəsmi Tehran baş verənlərə rasional yanaşsaydı, sözüzügedən dəhlizin İranın özü üçün də yeni iqtisadi imkanlar və alternativlər təqdim etdiyini başa düşərdi. İranın bu məsələdə hansı mövqedə dayanmasından asılı olmayaraq Zəngəzur dəhlizinin tezliklə işə düşəcəyini düşünürəm”.

Aygün Mirakif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*