“Rublun ucuzlaşması manata təzyiq edəcək” – Hökumət və Mərkəzi Bank dilemma qarşısında – ÖZƏLbackend

“Rublun ucuzlaşması manata təzyiq edəcək” - Hökumət və Mərkəzi Bank dilemma qarşısında - ÖZƏL

Müharibə fonunda Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ölkə iqtisadiyyatına təsirsiz ötüşməyəcəyi məlumdur. Lakin bəzi ekspertlər bu sanksiyaların Rusiya iqtisadiyyatını çökdürəcəyini deyirlər. Təbii ki, əks fikir səsləndirənlərin sayı da kifayət qədərdir. Digər tərəfdən Rusiya iqtisadiyyatında baş verən proseslərin Azərbaycana təsiri ilə bağlı da fikirlər gündəmin ən çox müzakirə edilən mövzusu sırasında yer alıb.

Bəs görəsən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu ölkəni həqiqətən çökdürmək gücünə malikdirmi?. Ümumiyyətlə baş verən proseslər Azərbaycana necə təsir edə bilər?.

Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı professor Elşad Məmmədovun sözlərinə görə, bir çox ekspertlər və sosial şəbəkə qəhrəmanları real mənzərəni düzgün analiz etməməklə ictimai fikirdə çaşqınlıq yaratmağa çalışır: “Münaqişə tərəflərinin iqtisadi potensialı ilə tanış olmadan fikir səsləndirmək doğru deyil. Gah Rusiyanın çökəcəyini deyirlər, gah da digər bu kimi fikirlər yürüdürlər. Belə şeylər reallıqdan uzaqdır  və utopiyadır. Bu cür fikirlər ölkə Prezidentinin uzaqgörən, praqmatik və milli maraqlara söykənən siyasətinə kölgə salmaqdan başqa bir şey deyil. Çünki Prezidentin apardığı siyasət nəticəsində biz böyük bəlalardan uzaq dayanmağı bacarmışıq. Özünü “ekspert” adlandıran bəzi şəxslər Rusiyanın çökəcəyini deyirlər və Azərbaycanın rəsmi Moskvadan uzaqlaşmalı olduğunu bildirirlər. Amma unudurlar ki, Rusiya dünyanın ən zəngin təbii sərvətlərinə və resurslarına malik olan bir dövlətdir. Xarici ticarətində 200 milyard dollarlıq müsbət saldo var. Rusiya hara batır?. Məntiqsiz yanaşmalardan uzaq olmaq lazımdır”.

Elşad Məmmədov

Elşad Məmmədovun sözlərinə görə, Rusiyada milyonlarla azərbaycanlı yaşayır və ölkənin iqtisadi vəziyyətinə öz töhfələrini verir: “Ən azından unutmamalıyıq ki, bizim milli maraqlarımız Rusiya ilə sabit dayanıqlı münasibətlərin olmasını diqtə edir. Türkiyə kimi böyük dövlət Rusiyaya qarşı sanksiyalara qoşulmadı. Gürcüstan və Moldova bundan imtina etdi. Bu məsələləri təhlil etmək lazımdır. Milli valyutanın əsas fundamental məzənnəsinə təsir edən amil xarici ticarətdəki saldodur. Rusiyanın illik xarici ticarətində isə 200 milyard dollar müsbət saldo mövcuddur. Rublun zəifləməsi spekulyativ amillərlə bağlıdır. Yəni xarici investorlar sanksiyaların tətbiqi nəticəsində Rusiya bazarından çıxmağa məcbur olur. Əgər Rusiyanın Mərkəzi Bankı və hökumətin iqtisadi bloku effektiv siyasət apararsa, o zaman rublu tam sabit saxlamaq mümkündür. Qısamüddətli qeyri-sabitlikdən sonra Rusiyanın milli valyutası sabitləşəcək. Artıq valyuta məhdudiyyətləri tətbiq olunur. Ölkədən kapital axınının qarşısını almaq üçün addımlar atılır. Ona görə də, yalandan “dünyanın axırı çatıb” kimi fikirlər səsləndirmək absurddur”.

İqtisadçı professor əlavə edib ki, həm rublun, həm Türk lirəsinin, həm Gürcüstan larisinin, həm də İran realının məzənnəsinin aşağı düşməsinin Azərbaycan manatına təsiri var: “Çünki bu ölkələr bizim birbaşa xarici ticarət tərəfdaşlarımızdır. Rublun məzənnəsinin zəifləməsi Azərbaycan manatına təzyiq edir. Amma Azərbaycanın manatı sabit saxlamaq üçün kifayət qədər valyuta ehtiyatı var. Hökumət və Mərkəzi Bank dilemma qarşısında olacaq – məzənnəni saxlayaq yoxsa ixracatımızı dəstəkləyək?. Amma mən bir iqtisadçı ekspert kimi məzənnənin sabit saxlanmasının tərəfdarıyam. Çünki Azərbaycanda idxaldan asılılıq yüksək səviyyədədir. Məzənnəni buraxsaq, Azərbaycanda infilyasiya kəskin şəkildə artacaq. Bundan sonra isə ölkədə sosial-iqtisadi problemlər yaşana bilər. Ona görə də, məzənnəni saxlamaq və qeyri-neft sektoruna investisiya yatırmaq lazımdır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az     

  • MÜTLƏQ. M
    Mart 6, 2022 - 14:01

    Ruşvətlə, qohumbazlıqla vəzifəyə vəzifəyə gəlmisən . Sən nə bilirsən dünya siyasəti nədir. Rusofobiya yalanları yazırsan. Rusiyanı Kubanın , Koreyanın taleyi gözləyir .

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*