Rumıniya parlamenti qorunan növlərin həddindən artıq populyasiyasına nəzarət etmək məqsədilə bu il təxminən 500 ayının məhv edilməsini təsdiqləyib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, ötən həftə Karpat dağlarında ayı hücumu nəticəsində bir turistin ölümü bütün ölkədə böyük əks-səda doğurmuşdu.
Ətraf Mühit Nazirliyinin məlumatına görə, Rumıniyada 8000 qonur ayı yaşayır ki, bu da Rusiyadan kənarda Avropada ən böyük qonur ayı populyasiyasıdır. Nazirlik ayıların son 20 ildə 26 nəfəri öldürdüyünü, 274 nəfəri isə ağır yaraladığını açıqlayıb.
Keçən həftə gənc bir səyahətçinin ölümcül hücuma məruz qalması baş nazir Marsel Kiolaku parlamenti yay tətilindən təcili iclas üçün geri çağırmağa məcbur edib. Bazar ertəsi qonur ayı populyasiyasına nəzarət etmək üçün yeni qanun qəbul edən parlament 19 yaşlı səyahətçinin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Yeni qanun 2024-cü ildə 481 ayının məhv edilməsinə icazə verir; Bu, keçən ilki cəmi 220-dən iki dəfə çoxdur. Qanunvericilər ayıların həddindən artıq çoxalmasının hücumların artmasına səbəb olduğunu iddia ediblər.
Etiraf edilib ki, yeni qanun ayıların hücumlarının qarşısını ala bilməyəcək.
Ekoloji qruplar bu addımı pisləyib. Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) bioloqu Kalin Ardelean qanunun heç bir problemi həll etmədiyini deyib.
Rəsmiyyə Şərifova,
KONKRET.az