Rus politoloq: “İrəvanı sındırmaq cəhdi fəlakətlə nəticələnəcək”backend

Rus politoloq: "İrəvanı sındırmaq cəhdi fəlakətlə nəticələnəcək"

Cənubi Qafqazda geosiyasi vəziyyət Azərbaycanın xeyrinədir və ölkəmiz regionda hərbi-siyasi vəziyyətə nəzarət edir. Bəzi dövlətlər isə  bölgədə müharibə riskini saxlamaq üçün Ermənistanı silahlandırır və özlərinin regional maraqlarını diqtə etməyə çalışırlar. Cənubi Qafqazda Ermənistan faktorundan yararlanmağa çalışan güclər isə yenə öz ampluasındadır və düşmən ölkəni silahlandırmaqda davam edirlər.

Rusiyalı politoloq və publisist Ruslan Səfərovla müsahibə də bu qəbildəndir. KONKRET.az onunla müsahibəni təqdim edir.

– Sizcə, Hindistanın Ermənistanı aktiv şəkildə silahlandırmaqda məqsədi nədir? Hindistan niyə məqsədli şəkildə Azərbaycan və Türkiyə ilə münasibətləri korlayır?

– Bu suala cavab vermək üçün dünya siyasətində gedən proseslərə bir az daha geniş baxmaq lazımdır. Hindistan dünyanın ən perspektivli ölkələrindəndir, onun iqtisadi artımı yaxın onilliklərdə çoxşaxəli ola bilər. Təəccüblü deyil ki, bu gün bütün geosiyasi mərkəzlər Yeni Dehliyə təsir etmək üçün mübarizə aparırlar. Hindistanın özü isə bəzi aspektləri mümkün qədər tarazlamağa çalışır. 2023-cü ildə o, BRİKS-ə sədrlik edib. Bu, onun həmin ilin iyulunda ABŞ Hərbi Dəniz Qüvvələri gəmilərinin təmiri üçün Çennayda baza yaradılması haqqında saziş imzalamasına mane olmadı. Eyni zamanda, Hindistanın həm Pakistanla,  həm də Çinlə problemləri var. İkinci qarşıdurma Yeni Dehli üçün daha ciddidir. Çin və Hindistan gec-tez qlobal toqquşmanın qaçılmazlığını anlayır. Onlar artıq Hind və Sakit okean regionunda iqtisadi və hərbi ittifaq zəncirini qururlar. Rusiya ilə qarşılıqlı əlaqədə Şimal-Cənub strategiyasından istifadə etmək, eyni zamanda, Moskva ilə Pekin arasında çox sıx yaxınlaşmanın qarşısını almaq Yeni Dehlinin BRİKS-də əsas prioritetidir.

Bu baxımdan Hindistanın Cənubi Qafqazla bağlı mövqeyi daha aydın görünür. Onlar Şimal-Cənub dəhlizi boyunca  Çinin “Bir kəmər və bir yol” layihəsində mühüm rol oynayan Azərbaycandan daha az asılı olmaq istəyir. Burada Pakistan faktoru da rol oynayır. Məsələn, Hindistanda keçirilən “Üç qardaş” hərbi təlimləri də (Azərbaycan, Pakistan, Türkiyə) iki ölkənin münasibətlərinə  təsirsiz ötüşməyib. Ona görə də Hindistan İran vasitəsilə Ermənistana silah tədarük edir və hesab edir ki, bu yolla hərbi balansı qoruyur. Bu marşrutun nə vaxta qədər aktiv qalacağı başqa məsələdir.

– Fransanın Ermənistan vasitəsilə Cənubi Qafqaz regionuna nüfuzetmə ehtimalı nə qədərdir?

– Gürcüstanda 2024-cü ilin sonunda keçiriləcək seçkilərin nəticələrindən çox şey asılı olacaq. Gürcüstansız Ermənistanı silahla təmin etmək və onu qərbyönlü bloka sürükləmək ölü layihədir. Unutmayaq ki, Ermənistanın dənizə çıxışı yoxdur və ən həssas məsələlərdə qonşu dövlətlərdən ciddi asılılıq var.

Bu gün regionda müəyyən konsensus yaranıb və bu, ilin sonunda Tehranda “3+3” formatında keçirilən görüşdə ifadə olunub. Sentyabrda Bakı separatçı qurumu öz xəritəsindən silməklə bu riskləri neytrallaşdırdı. Belə bir ssenarinin hazırlanmasında kim maraqlı idi: Moskva, yoxsa  Ankara? Rusiya – Türkiyə münasibətləri hər iki ölkə üçün perspektivli şəkildə inkişaf edir. İran da belə bir ssenaridə maraqlı deyil. Tehran hazırda Şimal-Cənub dəhlizinin formalaşmasında çox fəaldır. İran iqtisadi əlaqələrin perspektivli inkişafını düşünür və yaxın illərdə ticarət dövriyyəsini 6 milyard dollardan 30 milyard dollara çatdırmağı planlaşdırır.

Bir sözlə, Cənubi Qafqazda sabit və qarşılıqlı faydalı maraqlar balansı mövcuddur. Deməli,  regionun böyük müharibəyə ehtiyacı yoxdur. Amma Avropanın yeni mərkəzi olmağa və Rusiya ilə Avropa qarşıdurmasına rəhbərlik etməyə çalışan, Liviyada və Şərqi Aralıq dənizinin bir sıra ölkələrində Türkiyə ilə ciddi qarşıdurma yaşayan Fransanın belə bir münaqişəyə ehtiyacı var. Ona görə də biz Gürcüstanda seçkiləri gözləyək. Mövcud hökumət qalsa, regionda sülhün bərqərar olmasına şans qalır.  Əks halda,  Fransanın başçılıq etdiyi Qərb Ermənistan vasitəsilə bütün regionu silkələyəcək.

– Parisin Azərbaycan mədəniyyəti və tarixinə hörmətsizliyini necə dəyərləndirirsiniz? Burada həm Azərbaycan parkının adının dəyişdirilməsi, həm də Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizm aktı nəzərdə tutulur…

– Abidələrlə mübarizə gücsüzlüyün əlamətidir. Fransanın Azərbaycanla bağlı planları özünü doğrultmur. Əli hər yerdən üzülüb deyə, abidədən qisas alır.

– Deməli, bu il sülh müqaviləsi gözləmək lazım deyil?

– 2024-cü ilin əvvəlində iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün bütün əsaslar var. Bakı ilə İrəvan arasında əsas uçurum Azərbaycan Ordusu tərəfindən ötən ilin sentyabrında aradan qaldırıldı. Hər şey Ermənistanın hərbi-siyasi rəhbərliyindən asılı olacaq. Əgər onların zərrə qədər də analitik düşüncəsi varsa, o zaman sülh müqaviləsi və kommunikasiyaların açılması erməni xalqının gələcəyi üçün ən yaxşı həll yoludur.

– 2023-cü ildə Rusiyanın Cənubi Qafqazdakı siyasətini necə qiymətləndirərdiniz?

– Son illər Rusiya hansı dövlətlərin onunla qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu sözdə yox, əməldə başa düşüb. Cənubi Qafqaz da burada istisna deyil. Uzun illər KTMT-nin üzvü olan Ermənistan indi – Rusiya ilə NATO arasında geosiyasi qarşıdurmanın ən qızğın vaxtında Fransadan  silah alır, Amerika hərbçiləri ilə  təlimlər keçirir. Rusiyaya paralel idxalın yaranması səbəbindən ölkələr arasında ticarət dövriyyəsi artır. Lakin Ermənistanın monopoliyası yoxdur, çünki Rusiya son il yarım ərzində kifayət qədər tərəfdaş əldə edib. Bu baxımdan Rusiyanın Ermənistana ciddi ehtiyacı yoxdur. Üstəlik, Moskva yaxşı başa düşür ki, İrəvanı sındırmaq cəhdi fəlakətlə nəticələnəcək.

 – Yaxın gələcəkdə regionumuzda hansı proseslərin gedəcəyini proqnozlaşdırırsınız?

– Güman ki, ilin ikinci yarısı region üçün son dərəcə əhəmiyyətli keçəcək. O zaman hər şey gürcü seçicilərin və onların seçiminə təsir edəcək şəxslərin qərarından asılı olacaq. Orada hansı xəttin üstünlük təşkil etdiyini anlamaq üçün ilin birinci yarısında Ermənistan rəhbərliyinin hərəkətlərini müşahidə etmək vacibdir. Qərbyönlü vektorun qələbəsi ilin sonuna qədər regionda ciddi eskalasiyaya səbəb ola bilər. Ermənipərəst xəttin qələbəsi isə rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamasına gətirib çıxaracaq. Cənubi Qafqazın özü beynəlxalq gündəmə kifayət qədər sərt reaksiya verə bilər. Yaxın Şərqdə münaqişənin genişlənməsi riski yüksəkdir. İranın birbaşa iştirakı region üçün ciddi iqtisadi və humanitar sarsıntılara səbəb ola bilər. 2024-cü ildə Mərkəzi Asiya, ilk növbədə, Əfqanıstanla bağlı əhəmiyyətli risklər yarana bilər. Bunun Azərbaycana və Gürcüstana da təsiri ehtimalı da var. Ümumiyyətlə,  yeni başlayan il bir qədər təhlükəli görünür. Münaqişələrin artma riski yüksəkdir. Çox güman ki, onların əksəriyyəti Cənubi Qafqaza minimal təsir göstərəcək.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*