“İrəvan və Bakı regionda nəqliyyat kommunikasiyaları, xüsusən də Azərbaycanla Naxçıvan arasında rabitənin təmin edilməsi məsələsinin həllini təxirə salmaq və bunu sülh müqaviləsinin imzalanması ilə əlaqələndirməmək barədə razılığa gəliblər. Bu nə deməkdir? Bakı sülh müqaviləsi imzalamağa hazırdırmı? Sülh müqaviləsi kommunikasiyaların açılması məsələsini həll etmədən Ermənistana nə verəcək?”.
KONKRET.az xəbər verir ki, bu suallara Strateji Mədəniyyət Fondunun eksperti, rusiyalı politoloq Andrey Areşev belə cavab verib:
“Düşünmürəm ki, Azərbaycan sülh müqaviləsi imzalamağa hazırdır. Daha doğrusu, bunu etməyə hazırdırlar, amma öz şərtləri ilə. Rəsmi Bakı Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı məsələni gündəmdən çıxarmır. Ermənistan hakimiyyəti isə bu şərti tez bir zamanda həll edə bilmir. Ola bilsin ki, hansısa başqa məsələlər gündəmdən çıxarılır, hansı ki, pərdə arxasında baxılıb müzakirə olunur və irəli sürülür. Biz danışıqlar masasında olan məsələlərin bütün spektrini bilmirik.
Bakı ikitərəfli təmaslara, ikitərəfli danışıqlara arxalanır ki, burada daha çox güc mövqeyindən çıxış etmək imkanları var. Bu, tamamilə aydındır. Nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələsinin gündəmdən çıxarılması, məncə, prosesin müəyyən dalana dirəndiyini göstərir. Və mən çox istərdim ki, mövcud ziddiyyətlər növbəti hərbi eskalasiya, müxtəlif təxribatlar, təəssüf ki, sıfıra bərabər olmayan təxribatlar yolu ilə deyil, istənilən uzunmüddətli danışıqlar yolu ilə həllini tapsın.
Hesab edirəm ki, bu və ya digər şəkildə Zəngəzur dəhlizi gündəmdə qalır. Bundan əlavə, bildiyimiz kimi, Türkiyə Prezidenti öz çıxışlarında Zəngəzur dəhlizi adlanan dəhlizin açılmasının zəruriliyini dəfələrlə qeyd edib”.
Ermənistanla Azərbaycan harasında hansısa yeni münaqişənin baş verməsinə gəlincə, rus politoloq bunları deyib:
“Hesab edirəm ki, bunun üçün obyektiv məlumatlar olmalıdır. Mənə elə gəlir ki, müasir şəraitdə onları əldə etmək çətin deyil. İndi Azərbaycan tərəfdə sərhədə qoşun cəmlənir, yoxsa hər hansı zərbə qrupları yaradılır, bunu demək mənim üçün çətindir. Bu, ordu kəşfiyyatı, hərbi kəşfiyyat üçün bir sualdır. Əgər belə niyyətlərə dair sübutlar varsa, o zaman ümid edirəm ki, maraqlı beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə cəlb etmək olar”.
Natiq Səlim,
KONKRET.az