Qırğızıstanda “İnsan Haqları Uğrunda” hərəkatının keçmiş mətbuat katibi, rusiyalı Alena Krılova saxlanılıb. Ona qarşı vətənində ekstremist icma yaratmaq ittihamı ilə cinayət işi açılıb.
KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bu barədə “Sota” Bişkekdəki öz mənbələrinə istinadən xəbər verir.
Krılovanın iyunun 4-də saxlanıldığı və böyük ehtimalla Rusiyaya deportasiya olunacağı bildirilir.
Qırğızıstanın Kloop internet nəşrinə görə, Bişkekin Pervomayski Rayon Məhkəməsinin qərarı ilə Alena Krılova iyulun 4-dək həbsdə saxlanılıb. Krılovanın vəkilləri bildiriblər ki, müvəkkilləri qaçqın statusu almaq üçün müraciət edib. Qırğızıstanın hakimiyyət orqanları bu məsələyə baxmayınca, qanuna görə, o, respublikadan çıxarıla bilməz.
“Sota” yazır ki, Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin axtarışda olan rusiyalı fəalların tutulması üzrə bu, üçüncü əməliyyatıdır.
Ehtimal olunur ki, texniki cəhətdən bu, Bişkekdə “Təhlükəsiz Şəhər” üztanıma sisteminin quraşdırılması ilə bağlıdır.
KONKRET.az