Rus sülhməramlılarının sayının Qarabağda artıq olduğu deyilir – Azərbaycan niyə arxayındır?backend

Rus sülhməramlılarının sayının Qarabağda artıq olduğu deyilir - Azərbaycan niyə arxayındır?

II Qarabağ savaşında qələbəmizi rəsmiləşdirən 10 noyabr anlaşması ilə Qarabağın dağlıq hissələrinə və Laçın dəhlizinə yerləşdirilən rus sülhməramlılarının sayı ilə bağlı son günlərdə səslənən rəqəmlər gündəmimizi zəbt edib. Razılaşmada onların sayının 1960 nəfər olması nəzərdə tutulsa da, tanınmış simaların bəziləri bu rəqəmin artıq 7-8 minə çatdığı yönündə şok iddialar səsləndirməyə başlayıblar.

İlk olaraq, belə bir iddia ilə YAP-çı deputat Elman Məmmədov çıxış etdi. Ardınca isə “Yeni Müsavat”ın ötən sayında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bu iddianı təsdiqləyəcək açıqlamalar verib. Amma Azərbaycan tərəfi arxayın şəkildə işğaldan azad edilmiş ərazilərdə quruculuq, bərpa işlərini daha da sürətləndirir, miqyası böyüdür. Azərbaycan prezidenti təmkinini pozmur, Qarabağı, başqa əraziləri canlandırır, qurur, yaradır. Arada da Rusiyadan narazılıq ifadə edir.

Bu arxayınlığın səbəbi nədir? Ən maraqlısı, Türkiyənin bu prosesə yanaşması, reaksiyası necə olacaq? Cavab veriləcəkmi?

KONKRET.az xəbər verir ki, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Rusiya ilə hər hansı bir qarşıdurmaya getməyin tam əleyhinədir: “Əslində deyilən 7-8 min rəqəmi rəsmi deyil. Sülhməramlıların sayı 1960 nəfərdir, hətta iki minə belə çatmır. Onlar isə ordu sayılmır. 10 noyabr anlaşmasında müvəqqəti yerləşdirilmələri qeyd olunub. Cənab prezident prosesləri Qarabağdan Ermənistanla sərhədə köçürdü. Diplomatiyada hücumu öz üzərinə götürdü. Proseslər Ermənistanın içərilərinə doğru getməkdədir. Azərbaycanla münasibətlər Ermənistanda siyasi proseslərin və etirazların kuliminasiya nöqtəsinə çevrilib. Məsələnin ən uğurlu tərəflərindən biri də bundan ibarətdir. Lokal olaraq, Rusiya və sülhməramlılarla bağlı bəzi nüanslar Azərbaycan tərəfdə ciddi narazılıq doğurur. Rəsmi Bakı 10 noyabr razılaşmasına tam şəkildə əməl edir. Eyni zamanda, Türkiyə ilə müqaviləsinin önə çıxan tərəflərini reallaşdırır. Bu həm təlimlərə, həm ordunun yenidən qurulmasına, həm də bu proseslərin Qarabağda həyata keçirilməsinə aiddir. 44 gün ərzində güclər Azərbaycanın qarşısını ala bilmədisə, hərbçimiz 16 min kvadrat kilometrin 12 min kvadrat kilometrini azad etdisə, yerdə qalanlar müvəqqəti şəkildə təsbit olundusa, bundan sonra baş verən proseslər həmin maştabda baş verə bilməz. Azərbaycan tərəfi münaqişəni bitmiş sayır. Cənab prezident tərəfindən Şərqi Zəngəzur zonasının yaradılması barədə fərman münaqişənin bitməsi, statusun dəfni demək idi. Türkiyə daha qlobal şəkildə Azərbaycanla birgə prosesləri düşünür. Qardaş ölkənin dəstəyi ilə Azərbaycan 5-ci ordu korpusu formalaşdırır. Bu xüsusi təyinatlılardan ibarət peşəkar ordunun yaradılması yönündə ilk addımların atılmasıdır. Bu həm də o deməkdir ki, qardaş ölkənin yaxından iştirakı ilə Azərbaycan elə bir hərbi gücə malik olacaq ki, heç bir halda heç vaxt Ermənistan tərəfi hərbi yola əl ataraq ölkəmizə qarşı təcavüzə cəhd edə bilməyəcək. Əsas önəmli məsələlərdən biri də bundan ibarətdir. Biz Qarabağın yerdə qalan 4 min kvadrat kilometrindəki ermənilərin inteqrasiyasını gözləməliyik. Rusiya ilə hazırda heç bir qarşıdurmaya getməyə ehtiyac yoxdur. Gedən proseslər ermənilərin sosial inteqrasiyasına imkan yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*