Rusiya 200 minlik ordu ilə hücuma keçəcək? – Almaniya Müdafiə Nazirliyinin məxfi sənədləri mediaya sızdıbackend

Rusiya 200 minlik ordu ilə hücuma keçəcək? – Almaniya Müdafiə Nazirliyinin məxfi sənədləri mediaya sızdı

Tanınmış “Bild” nəşri Almaniya Müdafiə Nazirliyindən məxfi sənəd əldə edib. Almanlar iddia edirlər ki, Rusiya 2025-ci ildə Qərbə genişmiqyaslı hücuma hazırlaşır. Amma “Bild” bütün detalları açıqlamayıb.

Almaniya Müdafiə Nazirliyinin gəldiyi qənaətə görə, 2024-cü ilin birinci yarısında Rusiya əlavə 200 min nəfərlik orduyla Ukraynaya yaz hücumuna başlayacaq. İyuna qədər Ukrayna ordusunu darmadağın etməyi düşünən ruslar bununla da mühribəni başa çatdırmaq niyyətindədirlər. Bundan sonra Qərbdə, əsasən Baltikyanı ölkələrdə kiberhücumların və hibrid müharibənin digər formalarının başlayacağı proqnozlaşdırılır. Əgər Rusiya Kalininqrada qoşun və orta mənzilli raketlər ötürə bilsə, Almaniya Müdafiə Nazirliyinin ssenarisi faktiki olaraq Polşa və Litva sərhədi boyunca uzanan, Baltikyanı ölkələri digər ölkələrdən ayıran Suvalki dəhlizində vəziyyətin gərginləşməsini nəzərdə tutur.

Almanlar hesab edir ki, bundan sonra BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasında Rusiya Qərbi hücum hazırlamaqda ittiham edəcək. 2025-ci ilin yanvarında Polşa və Baltikyanı ölkələr NATO Şurasının iclasında Rusiyadan artan təhlükə barədə hesabat verəcəklər. Mart ayında Moskva Baltikyanı ölkələrlə sərhədlərə əlavə qoşun yeridəcək. Təkcə Belarusda Kremlin cəmi 70 mindən çox əsgəri olan iki tank diviziyası və motoatıcı diviziyası olacaq. Həmin ilin may ayında Şimali Atlantika Alyansı şərq cinahına 300 min hərbi qulluqçu, o cümlədən 30 min almaniyalı əsgər yerlşdirəcək. Çox güman ki, Rusiya Qərbin əzələ nümayişindən çəkinməyəcək.

Almaniya Müdafiə Nazirliyi sənədlə bağlı hər hansı şərh verməyib. Amma  qeyd edib ki, müxtəlif ssenarilərin nəzərdən keçirilməsi gündəlik hərbi fəaliyyətin bir hissəsidir.

Almaniyanın hazırladığı gizli ssenari kifayət qədər real görünürmü? Axı bu, Rusiya ilə bütün NATO sistemi arasında birbaşa toqquşma deməkdir.

Məsələ ilə bağlı xarici ekspertlər də öz şərhlərini bölüşüblər. Çoxları deyir ki, bu məlumat sadəcə imitasiya xarakteri daşıyır. Rusiyalı politoloq Olqa Kurnosova bildirib ki, təlimlərlə bağlı fərziyyələr Almaniya vətəndaşlarını sakitləşdirmək üçün ortaya atılıb:

“Əgər bu ssenarinin başvermə ehtimalından danışsaq, onda hər şey Ukrayna-Rusiya cəbhəsindəki hadisələrdən asılı olacaq. Ukraynanın tərəfdaşlarından alacağı silahların miqdarı və keyfiyyəti də hadisələrin inkişafına təsir edə bilər. Bu gün Rusiya uzunmüddətli müharibəyə ümid edir. Rusiya hərbi-sənaye kompleksi qənaətbəxş işləyir, səfərbərlik üçün kifayət qədər qüvvə cəlb edilib.  Ruslar müharibəyə getmək istəməsələr də, hələ də kifayət qədər çağırışçılar və səfərbər edilmiş insanlar var. Əsas məsələ silahlanma yarışıdır. Rusiya artıq buna başlayıb. Qərb isə hələ ki, ləngiyir. Bu yarışda Rusiyanın uduzacağı göz qabağındadır. Amma sabah Qərb kifayət qədər silah istehsalına başlamasa, o zaman Rusiya ilə NATO arasında birbaşa toqquşma ehtimalı yüksək olacaq. Həm Polşa, həm də Baltikyanı ölkələr bunu çox yaxşı başa düşürlər. Ona görə də onların Ukraynaya dəstəyi maksimumdur və davam edəcək”.

Almaniyalı politoloq, Bundestaqın keçmiş deputatı Valdemar Gerdt isə bildirib ki, ümumiyyətlə, burada yeni heç nə yoxdur. Onilliklər ərzində Almaniya virtual təlimlər keçirir, şərqdən, Rusiyadan hücumları “dəf edir”:

“Generallar onilliklər boyu bunun üzərində işləyiblər. Bu məlumatların indi mediaya sızdırılmasını Almaniya hökumətinin siyasi texnoloji addımı hesab edirəm. Məsələ burasındadır ki, Almaniya hökuməti ölkədə elə bir vəziyyət yaradıb ki, indi xalqın qəzəbini yayındırmağa çalışırlar. Mən bunu onların mediadakı açıqlamalarından da görürəm. Hakimiyyət nümayəndələri ölkəni bürüyən tətildən əməlli-başlı narahat olublar. İndi onlar bu texnologiyadan istifadə edərək həssas məsələni qabardırlar.

Tezisləri də belədir: “Hazırda başımız müharibəyə qarışdığından tətilləri yığışdırın. Biz Ukraynada müharibəni uduzsaq, Almaniya təhlükə altına düşəcək. Siz isə özünüz üçün subsidiya tələb edirsiniz. İmkan verin, müharibəni başa çatdıraq”.

Yəni hazırda Almaniya rəhbərliyinin əsas vəzifəsi hazırkı hakimiyyətə təhlükə yaradan xalq qəzəbinin buxarını buraxmaq üçün müəyyən klapan açmaqdır. İkincisi, Ukraynaya  təmənnasız verilən milyardlarla dollarlıq xərcləri birtəhər əsaslandırmaq lazımdır. Bunu necə əsaslandıracaqlar?”

Politoloq  hesab edir ki, Rusiya indi başqa müharibəyə hazır deyil və Avropaya hücum Moskvanın planlarından uzaqdır:

“Onlar davam edən münaqişəni mümkün qədər tez bitirməkdən məmnun olardılar. Onların demoqrafiya ilə bağlı böyük problemləri var. İqtisadiyyat Almaniyadakı kimi acınacaqlı vəziyyətdə olmasa da, hələ də əziyyət çəkirlər. NATO ilə münaqişəyə girmək üçün isə məncə, onların nə resursları, nə istəyi, nə də imkanları var. Amma Almaniya hökuməti  iqtisadiyyatın dağılmasını ört-basdır etmək üçün min cür oyun fikirləşiblər. Bunların hansı baş tutsa, ondan yararlanmaq niyyətindədirlər. Amma düşünürəm ki, onların bu siyasi texnologiyaları nəticəsiz qalacaq. İndi Almaniya hakimiyyəti xarici düşmən obrazı yaratmaqla məşğuldur. Bütün təhsil doktrinaları “Bild” in uydurduğu bu ssenarini izləyir”.

Öz növbəsində, Rusiyanın “Demokratik Seçim”  partiyasının həmsədri, Moskvanın Liberal Missiya Fondunun idarə heyətinin üzvü Sergey Javoronkov Baltikyanı ölkələrə, Finlandiyaya, Qazaxıstana mümkün hücumu istisna etmir: “Bəzi tanınmış təbliğat mətnləri (məsələn, Karaqanovun Avropa ölkələrinə nüvə zərbələrinin endirilməsinin məqsədəuyğunluğu barədə məşhur mətni) təkcə hədə-qorxu elementini deyil, həm də Rusiyada analitiklərin adətlə əvəzlənməsini əks etdirir.  Buna baxmayaraq çoxlu suallar yaranır. Birincisi, Lukaşenkonun Belarusun belə bir münaqişədə tam miqyasda iştirakına razı olacağı inandırıcı görünmür.  Ukraynaya hücum üçün ərazisindən istifadəyə izazə versə də  özü  müharibəyə girmədi. İkincisi, Rusiya Ukrayna cəbhəsində ciddi uğurlar qazanana qədər  və ya atəşkəsə nail olana qədər yeni cəbhə açmaq çox problemlidir. Üçüncüsü, Baltikyanı ölkələrin orduları kiçikdir, lakin Polşanın ordusu 100 min nəfərdən çoxdur və yaxşı təchiz olunub.

Bundan əlavə, dəqiq tarixin açıqlanması qəribə görünür. Almanlar 2025-ci ilin yayını haradan ağıllarına gətiriblər?  2022-ci il hadisələri göstərdi ki, Rusiyaya  öz kontingentini yerləşdirmək üçün təxminən 2-3 ay vaxt lazımdır. Belarusda hələ belə bir kontingent yoxdur. İşarələr görünsə, Qərbi Avropadan bölmələri köçürmək üçün kifayət qədər vaxt olacaq “.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*