Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfinin Ukrayna ilə bağlı hazırladığı memorandum üzrə mümkün kompromis variantları yalnız qapalı danışıqlar çərçivəsində müzakirə oluna bilər və bu məsələlərin ictimaiyyətə açıq şəkildə gündəmə gətirilməsi məqsədəuyğun deyil.
KONKRET.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya layihəsinin dərc olunması barədə qərarı prezidentin köməkçisi Vladimir Medinski, sənədin Ukrayna tərəfi ilə müzakirəsindən sonra qəbul edib.
Kreml nümayəndəsi Ukrayna Prezidenti Volodimir Zelenskinin İstanbul danışıqlarından sonrakı bəyanatını da tənqid edib. O, bu açıqlamanın “uğursuz və danışıqların ruhuna uyğun olmayan” bir çıxış olduğunu vurğulayıb.
Moskvanın Vaşinqtonla əlaqələrinin davam etdiyini deyən Peskov bildirib ki, iki paytaxt arasında dialoq kanalları mövcuddur və bu kanallardan istifadə olunmağa davam edilir.
O, həmçinin qeyd edib ki, Vladimir Putin və Donald Tramp arasında yeni təmas lazım olarsa, bu operativ şəkildə təşkil edilə bilər. Lakin hələlik belə bir razılaşma və ya planlaşdırılmış görüş yoxdur. Onun sözlərinə görə, yaxın zamanlarda Putin, Tramp və Zelenskinin bir araya gəlməsi də real görünmür.
Sonda isə Peskov Polşada prezident seçkilərində Navrotskinin qalib gəlməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərək, bunun “Polşanın daxili işi” olduğunu qeyd edib.
Müşviq Tofiqoğlu,
KONKRET.az