Rusiya yalnız “kiçik təxribatlarla” Azərbaycan yolunda maneə törədə bilər.
KONKRET.az xəbər verir ki, rusiyalı siyasətçi, iqtisadçı və doktor Vladislav İnəzemtsev ABŞ, Azərbaycan və Ermənistan arasında Vaşinqtonda imzalanan “Tramp Marşrutu” (TRIPP) layihəsini şərh edib. Onun sözlərinə görə, bu layihə uzunmüddətli sülh və regional əməkdaşlıq baxımından perspektivlidir və Ermənistan üçün ciddi motivasiya yaradır. Həmçinin, Azərbaycan-Türkiyə-Naxçıvan birliyi regionda strateji əlaqələrin formalaşmasını təmin edir.
İnəzemtsev bildirib ki, TRIPP layihəsi ilə bağlı gözləntilər çox optimistdir, çünki tək bir yol mövcud loqistika zəncirlərini dərhal dəyişə bilməz. Lakin bu layihə Mərkəzi Asiya üçün kritik əhəmiyyət daşıyır, xüsusən də Rusiyanın aqressiv və izolasion siyasəti fonunda. 2030-cu ildən sonra marşrut ciddi kommersiya potensialına malik olacaq.
Ekspert qeyd edib ki, Moskva hazırda Ukrayna münaqişəsinə tam cəlb olunub və Azərbaycanla bağlı yalnız kiçik maneələr yarada bilər. Bunlara azərbaycanlı diasporasına qarşı təzyiqlər və məhsul idxalına məhdudiyyətlər daxildir. Lakin strateji baxımdan Rusiya Cənubi Qafqazda mövqeyini saxlaya bilməyəcək.
İnəzemtsev həmçinin əlavə edib ki, Ermənistanın Rusiyaya iqtisadi bağlılığı və hərbi mövcudluğu hələ də əhəmiyyətlidir, lakin Vaşinqton müqaviləsi, TRIPP layihəsi və Ermənistan-Azərbaycan-Türkiyə əməkdaşlığı Moskvanın təsirini zəiflədəcək. İran vasitəsilə layihəni pozmaq cəhdləri mümkün olsa da, bunun hərbi nəticəsi olmayacaq.
“TRIPP layihəsi Vaşinqtonda Donald Trampın ciddi geosiyasi uğurudur. Putin və Rusiya ABŞ-la münasibətləri bərpa etmək istəsələr də, Azərbaycan və Naxçıvan koridoruna qarşı heç bir güc tətbiq etməyəcəklər”, — İnəzemtsev vurğulayıb.
Natiq Səlim,
KONKRET.az