“Rusiya Donald Trampın brokerliyi ilə Azərbaycan və Ermənistan arasında formalaşa biləcək iqtisadi əməkdaşlıqları diqqətlə izləyəcək”.
KONKRET.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a analitik Aqşin Kərimov deyib.
O bildirib ki, bu əməkdaşlıq Kremlin Zəngəzur dəhlizi ilə bağlı geoiqtisadi maraqlarına uyğun bir strategiya çərçivəsində Rusiyanı cəlb edə bilər:
“Bakı gələcəkdə dəhlizin inkişafında müəyyən rol almaq imkanını Rusiyaya tanıya bilər. Trampla Putin arasında Alyaskada bu məsələlərin müzakirə edilməsi mümkündür.
Digər tərəfdən, Rusiya ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinə pozitiv və konstruktiv yanaşmasının əvəzində güzəşt istəyə bilər. Bu güzəştlərdən biri kimi, Moskva ABŞ-la İran arasında vasitəçilik rolunu öz üzərinə götürmək istəyini irəli sürər.
İsrail və İran arasında müharibə başlamazdan əvvəl Moskvanın vasitəçilik üçün təkidləri də bu kontekstdə qiymətləndirilməlidir. İran isə yenə özünü sıxılmış hiss edir və onun dəhlizdə iştirak imkanlarını nəzərdən keçirməkdən başqa yolu qalmır”.