ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bildirib ki, Vladimir Putinə eksponsionist güc kimi baxmaq lazımdır və onun əsas məqsədi Rusiya İmperiyasını bərpa etməkdir.
Maraqlıdır, Moskvanın imperiya iddiaları Azərbaycan-Rusiya münasibətlərində hansı gərginlik mənbəyinə çevrilə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən siyasi şərhçi Cavanşir Abbaslı qeyd edib ki, Kelloqun fikirləri tamamilə doğrudur:
Cavanşir Abbaslı
“Putin hakimiyyətə gələndən sonra onun əsas niyyətinin keçmiş Rusiya imperiyasını bərpa etmək olduğu hamımıza bəllidir. O, konkret olaraq çar Rusiyasının ərazilərini bərpa etmək istəyir. Bəzən də özünü sovetlərin və çar Rusiyasının varisi kimi təqdim etməklə bu niyyəti dünyaya bəyan edir. Sonuncu dəfə Ukraynaya etdiyi hücum da bunu bir daha sübuta yetirdi. Bir sözlə, Putin niyyətindən geri çəkilən deyil”.
Ekspertin sözlərinə görə, Kremlin imperiya iddiaları qonşu ölkələrlə, o cümlədən Azərbaycanla münasibətlərdə gərginlik mənbəyinə çevrilir:
“Bu niyyət qonşu dövlətlərlə hər zaman qarşıdurmalara səbəb olur. Dövlətlərarası problemlərin və soyuq münasibətlərin yaranmasına gətirib çıxarır. Necə ki, son 1 ildə biz bunu müşahidə edirik. Artıq Moskva ilə Bakı arasında soyuq küləklər əsir və hələ ki, bu problemlərin aradan qaldırılacağı real görünmür. Rusiya imperialist maraqlarını önə çəkdikcə Azərbaycanla münasibətlərdə gərginlik yaşanacaq. Azərbaycan heç zaman hər hansı dövlətin imperialist maraqlarına qurban ola bilməz”.
C.Abbaslı əlavə edib ki, gələcəkdə Bakı-Moskva münasibətlərində həm eniş, həm də yüksəlişlər olacaq:
“Dövlətlər bir-biri ilə əlaqə qurmağa həm maraqlı, həm də məcburdur. Ona görə də indiki gərginlik qısa zamanda aradan qalxa bilər. Amma gələcək barədə hər hansı vəd vermək mümkün deyil”.
Müşviq Tofiqoğlu
KONKRET.az