Rusiya Dövlət Duması SSRİ-nin bərpası məsələsini müzakirə edəcəkbackend

Rusiya Dövlət Duması SSRİ-nin bərpası məsələsini müzakirə edəcək

SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır.

KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina məlumat verib.

Ostanina bu fikirləri Rusiya Federasiyası Prezidentinin müşaviri Anton Kobyakovun “SSRİ hüquqi baxımdan hələ də mövcuddur, çünki onun dağılma prosesi guya pozulub” sözlərini şərh edərkən deyib.

Ostaninanın sözlərinə görə, 1991-ci ildə keçirilmiş referendumda vətəndaşların əksəriyyəti SSRİ-nin qorunub saxlanmasının lehinə səs verib.

“Yəni hüquqi, siyasi və insani baxımdan SSRİ-nin mövcudluğunun dayandırılması əslində qanunsuz olub. Çünki nə Şuşkeviçə, nə Yeltsinə, nə də Kravçuka məşhur Belovej sazişlərini imzalamaq səlahiyyəti verilməmişdi. Bu sənəd bu günə qədər də hüquqi baxımdan mübahisəlidir”, – deyə kommunist deputat bildirib.

Ostanina Prezidentin müşaviri ilə tamamilə razı olduğunu qeyd edib.
“Biz bu gün istintaq işinin başladılmasını təşkil etməliyik. Əgər bu mövqe artıq prezidentin müşaviri tərəfindən səsləndirilibsə, məncə, bu işi davam etdirmək bizim borcumuzdur. Bu barədə Dövlət Dumasında danışmağa və siyasi qərar qəbul etməyə hazırıq”, – deyə o bildirib.

Xatırladaq ki, bir gün öncə Prezidentin müşaviri Anton Kobyakov Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında çıxış edərək bildirib ki, Sovet İttifaqının dağılması zamanı “hüquqi prosedur pozulub” və bu da guya SSRİ-nin “hüquqi baxımdan hələ də mövcud olduğu” anlamına gəlir. Kobyakov bildirib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb və buna görə də yalnız həmin orqanın qərarı ilə ləğv edilə bilərdi. “Əgər hüquqi prosedur pozulubsa, bu halda hüquqi baxımdan SSRİ mövcuddur. Bunu konstitusiya hüququ üzrə mütəxəssislər də deyirlər. Əgər SSRİ ləğv edilməyibsə, bu zaman hüquqi baxımdan Ukrayna böhranı daxili proses sayılır”, – deyə Putin müşaviri bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*