Rusiya erməni miqrantları qovacaq, Azərbaycan isə sülhə məcburetmə əməliyyatlarına start verəcəkbackend

Rusiya erməni miqrantları qovacaq, Azərbaycan isə sülhə məcburetmə əməliyyatlarına start verəcək

“Cənubi Qafqazda baş verənləri müxtəlif aspektlərdən analiz etdikdə regionda fərqli mənzərinin yarandığı görünür. Təbii ki, bu mənzərəni yaradan tərəf Ermənistandır və düşmən ölkə bölgədə sülhə əngəl törətməklə Cənubi Qafqazda münaqişə ocağını daha da alovlandırmaqda maraqlıdır. Eyni zamanda, Ermənistanın fərqli mövqe sərgiləməsi də münaqişənin həllinə mane olur. Düşmən ölkə Qərbə meyl etdikcə bölgədə siyasi balans pozulur”.

Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib. Bildirib ki, Ermənistanda baş verən hadisələr Rusiya tərəfindən diqqətlə izlənilir:

“Ermənistanın regionda qarışıqlıq yaratmaq cəhdləri, həmçinin Rusiya əleyhinə həyata keçirilən kampaniyalar diqqətlə izlənilir. Ermənistanın öz müttəfiqi əleyhinə addımlarına qarşı Rusiyanın təsir imkanları kifayət qədər genişdir. Rusiyanın erməni miqrantları ölkədən qovmaq kimi təsir imkanları var. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da əslində miqrantlarla bağlı Ermənistana mesaj verdi. Bu onu göstərir ki, Rusiya Ermənistandan olan miqrantları hər an qova bilər”.

Fransa prezidenti Emanuel Makronun Ermənistana planlaşdırılan səfərinə də toxunan Tural İsmayılov qeyd edib ki, bu, Ermənistan-Fransa müttəfiqliyinin davamı kimi xarakterizə edilməlidir:

“Fransanın həyata keçirdiyi qəbuledilməz xətt bütün region üçün təhlükəli perspektivlər vəd edir. Fransanın beynəlxalq hüququ heçə sayaraq, Ermənistanın qanunsuz və haqsız tələblərinə boyun əyməsi, əslində, vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir. Hər halda Makronun Ermənistana səfəri orada güclənən anti-Rusiya əhval-ruhiyyəsi ilə eyni vaxta təsadüf edir. Həmçinin, Avropa İttifaqının mülki müşahidə missiyası adı altında Ermənistan ərazisində Qərb kəşfiyyatının geniş şəkildə at oynatması vəziyyətin nə qədər ciddi və təhlükəli olacağını göstərir”.

Regionda mümkün hərbi toqquşmalara münasibət bildirən politoloq əlavə edib ki, Ermənistan bütün hallarda ritorikasını dəyişməli və Azərbaycanın şərtlərini qəbul etməlidir:

“Son dövrlər Hindistandan İran üzərindən Ermənistana silah daşınması və düşmən ölkənin mütəmadi və sistematik şəkildə silahlandırılması regionda hərbi toqquşma riskinin artırır. Əslində hərbi toqquşma riskinin yaranmasının ən böyük günahkarı elə Ermənistandır. Bu gün Ermənistanın Azərbaycanın təklif etdiyi normallaşma və sülh şərtlərini qəbul etməməsi, Azərbaycanla şərti sərhədlərə qoşun növləri cəmləşdirməsi, hələ də 10 noyabr bəyanatının müddəalarını yerinə yetirib separatçılara dəstək vermək ənənəsindən vaz keçməməsi hərbi vəziyyətin qızışmasına səbəb olur. Əslində sülh müqaviləsi üçün ilin sonuna qədər vaxt qoyulmuşdu. Amma ilin sonuna aylar qalıb və yaxın perspektivdə sülhlə bağlı hansısa addımlar gözlənilmir. Azərbaycan Ermənistanın təxribatçı ritorikasını ciddi şəkildə cavablandıraraq, sülhə məcburetmə əməliyyatlarına start verməyə yaxındır”.

Vəli Həsənov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*