Moskva gözləyir ki, Ermənistan hakimiyyəti XVIII əsrin sonu və 19-cu əsrin əvvəllərində Cənubi Qafqazda baş verən hadisələri təhrif edən VIII siniflər üçün tarix dərsliyini məktəblərə verməyəcək.
KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qurum aydınlaşdırıb ki, bu dərsliyin fəsillərindən birində “Şərqi Ermənistanın zorla Rusiyaya birləşdirilməsi” təxribatçı başlığı altında 1826-1828-ci illər rus-fars müharibəsinin nəticələrinə dair qiymətləndirmələrə yenidən baxılıb və Türkmənçay sülhü Şərqi Ermənistanın “ilhaqı” adlanıb.
“Ümid edirik ki, Ermənistan hakimiyyəti bu cür dərsliyin məktəblərə verilməsinə imkan yaratmayacaq, həmçinin ümumi keçmişimizi təhrif etmək üçün bu cür qeyri-təbii cəhdlərə göz yummayacaq”, – mesajda deyilir.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, ciddi mənbələri, o cümlədən erməni mənbələrini oxusanız, yaxın vaxtlara qədər respublika dərsliklərində “erməni dövlətçiliyinin gələcək bərpası üçün çox böyük əhəmiyyətə malik” olan 1828-ci il sülh müqaviləsinə tamamilə fərqli yanaşmalar görə bilərsiniz”.
Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu halda söhbət ümumi tariximizi yenidən yazmaq üçün növbəti həyasız cəhddən gedir.
Bu, Ermənistan rəhbərliyinin tarixi yaddaşın qorunması sahəsində üzərinə götürdüyü öhdəliklərə birbaşa ziddir.
Belə ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın 19 aprel 2022-ci il tarixli birgə bəyanatında deyilir: “Tərəflər ümumi keçmişə ümumi yanaşmaları saxlamaqla, İkinci Dünya Müharibəsinin nəticələrinə yenidən baxılmasına və tarixin saxtalaşdırılmasına qarşı mübarizəni davam etdirmək niyyətindədirlər”, – deyə Xarici İşlər Nazirliyi yekunlaşdırıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az