“Rusiya Ermənistana radikal həmlələr edə bilər” – Türk ekspertlə SENSASİON MÜSAHİBƏbackend

"Rusiya Ermənistana radikal həmlələr edə bilər" - Türk ekspertlə SENSASİON MÜSAHİBƏ

“Bölgədə yaşana biləcək hansısa müharibə ehtimalında Türkiyənin Azərbaycana hərbi cəhətdən dəstək verməsinin qaçılmaz olacağını düşünürəm”.

Bu sözləri Türkiyənin Beynəlxalq Siyasət Akademiyasının (Uluslararası Politika Akademisi) köşə yazarı, siyasi ekspert Sərdar Çukur KONKRET.az-a müsahibəsində deyib.

Sərdar Çukur

Ekspertlə geniş müsahibəni təqdim edirik:

– Sərdar bəy, Ermənistanın Baş naziri Nikol Paşinyan ardıcıl bir neçə gündür mövcud vəziyyəti gərginləşdirən açıqlamalar verərək, sülh danışıqlarından uzaqlaşmağa çalışır. O, ölkəmiz haqqında həqiqəti əks etdirməyən təxribatçı sözlər səsləndirir. Bununla yanaşı, Ermənistan Azərbaycanla şərti sərhədə əsgər və hərbi texnika yığmağa da davam edir. Baş verənlər İrəvan hakimiyyətinin sülh deyil, müharibə istədiyinə və buna hazırlaşdığına işarə deyilmi?

– Birinci Qarabağ müharibəsində Ermənistan Azərbaycan torpaqlarının böyük bir hissəsini işğal etmişdi. Aradan 30 ilə yaxın müddət keçdi və tərəflər arsında yaşanan toqquşmalar 27 sentyabr 2020-ci ildə müharibəyə çevrildi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ermənistanı ağır məğlubiyyətə uğratdı. Bu məğlubiyyətdən sonra Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya arasında gərginliklər yaşanmağa başladı. Hətta bu ölkədəki sivil itaətsizliyin və daxili problemlərin arxasında da Rusiya prezidenti Vladimir Putinin dayandığını düşünürəm. Çünki Paşinyan Cənubi Qafqazda itirdiyi gücü yenidən qazanmaq üçün Fransa və ABŞ kimi ölkələrlə əlaqələrini inkişaf etdirir, eləcə də onlardan silah alır. Bu isə Kremlin qəzəbinə səbəb olur. Həmçinin, Ermənistanda Paşinyan hakimiyyəti ilə revanşist müxalifət arasındakı mübarizə davam edir.

Bütün bunların fonunda, İrəvan hakimiyyətinin atdığı son addımları daxilə, öz xalqına hesablanıb. Paşinyan İkinci Qarabağ müharibəsində itirdiyi torpaqları yenidən işğal etməyə və Ermənistanı gücləndirməyə çalışdığını nümayiş etdirir. Düşünürəm ki, onun son zamanlardakı addımlarının əsas hədəfi budur və ölkəsini yeni müharibəyə hazırlaşdırır.

– Yeni bir müharibə ehtimalında Türkiyənin Şuşa Bəyannaməsinə uyğun olaraq Azərbaycana dəstək verməsi gündəmə gələ bilərmi?

– Bəli, bunun mümkün ola biləcəyini deyə bilərəm. Çünki Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq eynən “bir millət, iki dövlət” şüarındakı kimidir. İldən-ilə güclənən bu qardaşlıq münasibəti xüsusilə Vətən müharibəsindən sonra daha dərinlərə nüfuz etdi. Türkiyənin bu müharibədə Azərbaycana verdiyi mənəvi və siyasi dəstək sayəsində ölkəniz 30 ildən sonra tarixi torpaqlarını azad etməyə nail oldu. Türkiyə qardaşının arxasında dağ kimi dayandı. Üstəlik, bu dəstək sayəsində təqribən bir əsrdir xəyal edilən Asiyadakı türk dövlətləri ilə Türkiyə arasındakı quru əlaqələrin yaranması da reallaşdı.

Ermənistanın 44 günlük müharibədə məğlub olmasından sonra bu vəziyyəti dəyişdirmək üçün atdığı addımlara rəğmən, Azərbaycanın Türkiyə və Türk Dövlətləri Təşkilatı ilə Cənubi Qafqaz bölgəsindəki fəaliyyətini artırmasının şahidi oluruq.

Azərbaycan və Türkiyə arasındakı qardaşlığın ən önəmli addımlarından biri isə 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi oldu. Bu Bəyannamədəki maddələrdə Türkiyə ilə Azərbaycan arasında bir çox məsələdə qarşılıqlı dəstəyin veriləcəyi göstərilib.

Bölgədə yaşana biləcək hansısa müharibə ehtimalında Türkiyənin Azərbaycana hərbi cəhətdən dəstək verməsinin qaçılmaz olacağını düşünürəm. Üstəlik, son zamanlarda Türkiyə ilə Azərbaycan arasında “iki dövlət, tək millət, tək ordu” kimi yeni şüarın da səsləndiyini görürük.

– Sizcə, son günlərdə yaşanan Ermənistan-Rusiya gərginliyinin əsas səbəbi nədir? Paşinyan iqtidarı ABŞ-a güvənərəkmi Moskvaya qarşı çıxır?

– Ermənistanla Rusiya arasındakı gərginliyin səbəblərini bir çox aspektdən izah etmək mümkündür.

Bunlardan birincisi, Ermənistanın daxilində yaşadığı gərginlikdir. Rusiya Ermənistan hakimiyyətinə, yəni Baş nazir Nikol Paşinyana qarşı müxalifətə dəstək verir.

İkincisi, Ermənistan bölgədə Rusiyanın təsiri altında qalır və bu təsir erməni xalqı tərəfindən də ciddi şəkildə hiss edilir. Onlar Rusiyanın təzyiqi və təsirindən qurtulmaq istəyirlər.

Üçüncü isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistan Rusiya ilə əlaqələrini ən aşağı səviyyəyə salıb. Üstəlik, Paşinyan Rusiyanın rəqabət apardığı ABŞ və Fransa kimi Qərb dövlətləri ilə yaxın əlaqələr qurub.

Təbii ki, Ermənistanla Rusiya arasında yaşanan gərginliyin səbəblərini daha da artırmaq mümkündür. Xüsusilə, Ermənistanın ABŞ və Fransa kimi dövlətlərdən hərbi və digər dəstək alması Paşinyanın Rusiyaya qarşı çıxmasına şərait yaradır.

– Bəs bu yaşananlardan sonra Rusiya Nikol Paşinyanı devirmək üçün həmlə edə bilərmi?

– Nikol Paşinyan hakimiyyətinin Rusiyaya qarşı olan dövlətlərlə münasibətlərini gücləndirmə siyasəti Kremlin regiondakı maraqlarını təhdid edir. Bu, Rusiyanın “arxa bağçası” hesab etdiyi bölgələrdə qəbul edə bilməyəcəyi bir vəziyyətdir. Rusiya bunun qarşısını almaq üçün gizli şəkildə az da olsa, Ermənistan müxalifətinə dəstək verərək, rəsmi İrəvanın Qərb dövlətlərinin təsiri altına düşməsinə əngəl olmağa çalışır.

Təbii ki, bütün bunlara görə Rusiya Ermənistan üzərindəki təsirlərini daha da artıra və hətta radikal həmlələr edə bilər. Düşünürəm ki, Kreml özünə daha yaxın bir hakimiyyətin Ermənistanı idarə etməsi üçün gücündən istifadə edə bilər.

Elmir Kamal,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*