Erməni mətbuatının yazdığına görə, Nikol Paşinyan separatçıların ixtiyarında olan erməni hərbi texnikasının Qarabağdan çıxarılması barədə göstəriş verib:
– Özünü dünyaya “demokratiya nümunəsi” kimi göstərən Nikol bunu həm havadarlarını qane etmək, həm də Rusiyaya qarşı diş göstərmək baxımından edə bilər. Çünki sülh sazişi imzalamaq istəyən hər iki tərəfin Rusiya sülhməramlılarından imtina etməsi Kremlin bölgədən çıxarılmasını asanlaşdırar;
KONKRET.az xəbər verir ki, Rusiyanın maliyyələşdirdiyi Qarabağ separatçıları isə Xankəndi meydanlarına toplaşaraq Rusiya sülhməramlılarından azərbaycanlı ekoloqları müvəqqəti məsuliyyət zonasına buraxmamağı tələb edir. Guya ki, qondarma rejim monitorinq adı ilə Azərbaycanın təhlükə kəsb etdiyini iddia edir:
– Bu isə Moskvanın sifarişi ilə təşkil olunan erməni aksiyasıdır. Çünki belə olan təqdirdə sülhməramlıların əlinə hüquqi əsas keçir ki, “biz Qarabağın erməni əhalisinin təhlükəsizliyinə təminatıq və azərbaycanlıları əraziyə buraxmayacağıq”. Yəni rus-erməni bəhanəsilə Qarabağdakı qanunsuz fəaliyyətlər gizlin saxlanılacaq. O ki qaldı iddia olunan təhlükəyə, erməni və ruslar öz quramaları olan ikinci Sumqayıt hadisələrinə nail ola bilməyəcəklər. Çünki ekofəalları konfliktdə günahlandırmaq Kremlin XXI əsrdə apardığı Pyotr siyasəti qədər gülüncdür. Qondarma rejim dəhlizin bağlı qalmasının özləri üçün fəlakətə səbəb olacağını zarısa da, bu, növbəti cəfəngiyyatdır. Belə ki, azərbaycanlı etirazçılar sülhməramlı postunun bir hissəsində aksiya keçirirlər. Əgər şahid çoxdur deyə, ruslar erməni balalarına silah daşıya bilmirsə, burada fəlakətdən söhbət gedə bilməz. Əksinə cinayətin qarşısı alınır. Həm də Qarabağın erməni əhalisi anlamış olur ki, Azərbaycanın daxilində Rusiya qanunları ilə yaşaya bilməyəcəklər;
Ekoloqlar Andrey Volkova müraciətlə çıxış etsələr də, sülhməramlı komandanı etirazçıların qarşısına çıxmayıb. Buna görə də, aksiya davam edir və iştirakçıların sayı artır.
Sülhməramlılar isə hələ də problemin siyasi həll tələb etdiyini bildirirlər və azərbaycanlıları ərazidən çıxarmaq üçün güc tətbiq etmək fikrində deyillər. Guya! Ona görə guya ki, onlar “yuxarıdan” əmr gözlədiklərini gizlətməyiblər. Ermənilər də yazır ki, rus sülhməramlıları günorta Xankəndi yolundakı aksiyanı dağıdacaq:
– Ermənilərin feyk xəbərləri həmişə var. Onlar bu cür panika yaradacaq informasiyanı bölüşməklə azərbaycanlı etirazçıların seyrəlməsinə, yaxud aksiyanın dayandırılmasına nail olmaq istəyirlər;
– Həmçinin, Putin Qorbaçovun 20 Yanvar səhvini təkrarlamaqdan çəkinər. Çünki 1990-cı ilin yanvarı SSRİ-yə oxunan fatihəydisə, 2022-ci ilin dekabr-yanvarı Rusiya Federasiyasının üzü qibləyə qurban kəsilməsi ola bilər;
Xatırladaq ki, dekabrın sonlarında Putinin vasitəçiliyi ilə Moskvada Ermənistan baş naziri Nikol Paşinyan və Prezident İlham Əliyevin görüşü planlaşdırılırdı. Deyəsən, İrəvanla Bakı Moskva görüşünü istəmir. Zatən bu, Soçidəki son görüşdə də hiss olunurdu.
Anar Rəhimov,
KONKRET.az