“Rusiya Qarabağdan getsə də, Cənubi Qafqazda qalacaq”.
KONKRET.az xəbər verir ki, bunu erməni mediasına müsahibəsində MDB Ölkələri İnstitutunun Ermənistan bölməsinin direktoru Aleksandr Markarov deyib.
O bildirib ki, Rusiya təbii ki, Cənubi Qafqazda statusunu və təsirini saxlamaq istəyir, bu baxımdan sülhməramlılar məsələsi ortaya çıxır.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması nəticəsində Qarabağ Azərbaycanın tərkibində olan bir vahidə çevriləcək. O zaman Qarabağ ermənilərinin hüquqları Azərbaycan dövləti tərəfindən qorunacaq və sülhməramlılara ehtiyac qalmayacaq.
Təbii ki, Rusiyanın Cənubi Qafqazda öz təsirini saxlamaq istəyi var. Lakin bu təsirin saxlanmasını təmin edəcək mexanizmlər lazımdır. Sülhməramlıların mexanizmlərindən biri Ermənistanla iqtisadi əməkdaşlıq və Rusiya hərbi bazasının olmasıdır”, – deyə Markarov bildirib.
O, qeyd edib ki, hazırda Rusiyanın başı Ukraynaya qarışıb.
“İndi Rusiyanın əsas diqqəti Ukraynaya yönəlib. Lakin onların Cənubi Qafqazı unutduğunu söyləmək olmaz. Çünki onlar Cənubi Qafqazda təsirlərini azaltmaqla təkcə sərhədlərində deyil, öz dövlətlərinin daxilində problemlərlə üzləşə biləcəklərini başa düşürlər”, – deyə politoloq bildirib.
Xuraman Etibarlı,
KONKRET.az