Rusiya-Qazaxıstan QARŞIDURMASI – Tokayev təəccüblənib, əsəblər isə tam gərilibbackend

Rusiya-Qazaxıstan QARŞIDURMASI - Tokayev təəccüblənib, əsəblər isə tam gərilib

fadil Paşayev
Fadil Paşayev

Rusiya-Ukrayna müharibəsi dövründə rəsmi Moskvanın Qarabağdakı özbaşınalığı cəmiyyətdə böyük hiddət doğurub. Amma deyəsən, ruslarla bağlı bizim qədər qazax qardaşlarımız da çox gərginlik keçirir. Belə olmasaydı… Rusiyalı politoloq Dmitri Drobnitskinin ardınca Rusiyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Borodavkinin “Sputnik Rusiya” xəbər agentliyinə verdiyi müsahibəsi əslində söhbətin nədən getdiyinə diqqəti cəlb edir. 

Heç kimə sirr deyil ki, Rusiya mətbuatının və hakimiyyətə aidiyyatı olmayan politoloqların hər hansı tənqidi Qazaxıstanda mənfi qarşılanır, müstəqilliyə təhlükə kimi yozulur və yerli millətçilərin əks-təhdid dalğası və “sərt” cavabları ilə qarşılanır.

Əslində Drobnitski qonşu respublikada millətçi hisslərin nəzarətsiz və cəzasız böyüməsi ilə bağlı məsələləri şişirtməklə Rusiyanın məkirli planına eyham vurmuşdu. Və bununla da göstərməyə çalışmışdı ki, Qazaxıstan Rusiyaya qarşı kollektiv Qərbin hibrid müharibəsinin daha bir episentri olmaqla ikinci Ukraynaya çevrilmək riskini daşıyır.

Bəli, Rusiya artıq açıq-açığına Qazaxıstanı təhdid etməkdə davam edir, onun müstəqilliyinə və ərazi bütövlüyünə qəsd etmək kimi planlar cızır.

Vəziyyət isə belədir ki, Rusiya Qazaxıstanda rusofobiyanın getdikcə artdığını sezir, millətçi çılğınlığına göz yummaq istəmədiyini hiss etdirir. Moskva müxtəlif səviyyələrdə bildirməyə çalışır ki, Qazaxıstan Yuqoslaviya yolu ilə gedir. O yolla ki, ölkədə qanlı vətəndaş müharibəsi baş verə bilər və bu türk dövləti müxtəlif xanlıqlara parçalana bilər.

Rus analitiklərindən biri olan, Hərbi Elmlər Akademiyasının böyük elmi işçisi Vladimir Proxvatilov elə belə də yazır: “Əgər salnamələri araşdırsanız, keçmişdə iddialı və adekvat geosiyasi düşüncəyə malik olmayan tayfalar arasında barışmaz düşmənçiliklər hökm sürüb ki, bu da Qazax xanlığının müstəqilliyini qoruya bilməməsinə səbəb olub”.

Rus beyin mərkəzləri isə Qazaxıstana müasir Gürcüstanı da misal çəkir: “Burada xarici aktorlar gürcüləri osetinlərlə, abxazlarla qarşı-qarşıya qoyurdular. Ukrayna isə Qazaxıstana bir dərs olmalıdır”.

Rəsmi Kremlə görə, Qazaxıstan hakimiyyəti bütün bunları görməzdən gəlir. Putinin nəzərində Qazaxıstandın dövlət müşaviri Yerlan Karin peşəkar və ehtiraslı rusofobdur. Qeyd edək ki, Yerlan Karin Qazaxıstan mediasına ciddi təsiri olan yüksək rütbəli məmurlardan sayılır. Onun təşəbbüsü ilə qazax mediası Rusiyanın hər şərti “asqırma”sına və ya təndid dolu mesajına ən sərt cavab verib.

Rusiyada artıq hər kəs belə düşünür ki, Yerlan Karin ABŞ və Böyük Britaniya səfirliklərinə çox tez-tez baş çəkir və Qərbdən gizli təlimatlar alır. Amma onu vurğulayaq ki, bu gün Karini Qazaxıstanda sevirlər. Çünki o, dəfələrlə Moskvadan gələn hədələrə “Rusiyanın Qazaxıstana müdaxiləsi” kimi yanaşır və bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir. Onun təsiri ilə cəmiyyətdə Moskvanın Qazaxıstanı fəth etmək və Rusiya İmperiyasının digər planları haqqında dərin təbliğat gedir.

Artıq “şimal ayısı” Arman Şurayevi və Muxtar Tayzanı düşmən hesab edir və rusofob fəaliyyətinə görə kəskin tənqid edir.

İndi isə qayıdaq Rusiyanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Aleksey Borodavkinin “Sputnik Rusiya” xəbər agentliyinə verdiyi müsahibəsinə. İnternetin qazax seqmentində bu müsahibə tənqidi şəkildə qarşılanıb. Belə ki, Borodavkin açıq şəkildə nümayiş etdirib ki, birincisi, Rusiya tərəfi Qazaxıstana qarşı imperiya ambisiyalarını gizlətmir, ikincisi, o, təkcə millətçi və ksenofob şüarlardan təşvişə düşmür. Ona görə ki, Qazaxıstan cəmiyyətini ələ keçirmək asandır. Belə ki, ruslar bu cür sosial çevrilmələrin qarşısını almaq üçün müəyyən bir hərəkət alqoritminə sahibdir.

Hazırda Qazaxıstanda səfirin sözləri gizli təhlükə kimi şərh olunur. Yəni Rusiya Ukraynadakı münaqişənin hərbi əməliyyat ssenarisini Qazaxıstanla bağlı da həyata keçirə bilər.

Şayiələrə görə, bu müsahibənin stenoqramı Akordada da bir qədər çaşqınlıqla qarşılanıb. Çünki Qazaxıstanın hazırkı prezidenti Qasım-Comart Tokayev Rusiya prezidenti Vladimir Putin və Rusiyanın baş naziri Mixail Mişustinlə görüşündən razı qalıb. Həm bu görüşlər, həm də iki ölkə arasında aparılan danışıqlar Akorda tərəfindən uğurlu proses kimi qiymətləndirilib, həm də Qazaxıstan və Rusiya arasında strateji tərəfdaşlığın dəyişməzliyinə dair dünya ictimaiyyətinə mesaj da ötürülüb. Üstəlik, rəsmi Kreml də bu yüksək səviyyəli görüşdən razı qaldığını eyham vurub. Lakin bütün bunlardan sonra fövqəladə və səlahiyyətli səfirdən niyə belə açıq təxribata ehtiyac duyulduğu sirr olaraq qalır. Qazaxıstan Xarici İşlər Nazirliyinin pərdə arxasında Rusiya səfirinin diplomatik normalardan kənara çıxan və rus təbliğatçılarını təqlid edən və Tokayev hakimiyyətinin millətçilərdən qorumaq bəhanəsi ilə Rusiyanın Qazaxıstana soxulması ehtimalını irəli sürən sərt bəyanatları ilə bağlı narahatlıqlar qaldıracağı gözlənilir. Üstəlik, Borodavkinin ağlına nədənsə faciəli “Yanvar hadisələri” günlərində vəziyyətə müdaxilə edən KTMT qoşunlarının məhdud kontingenti yox, Yevgeni Priqojinin rəhbərlik etdiyi “Vaqner”i gəlib.

Hazırda “Vaqner” muzdluları Ukraynada fəal döyüşürlər və xüsusi qəddarlıqları ilə ad çıxarıblar. Buna görə də ABŞ Konqresindəki hər iki Amerika siyasi partiyasının senatorları “Vaqner”i “xarici terror təşkilatı” kimi tanımaq barədə düşünür. Qazaxıstan teleqram kanallarından belə analizlərə rast gəlirik ki, ölkə ərazisində belə bir təşkilatın peyda olması ağlasığmaz görünür və bu baş verərsə, qazax ordusu, eləcə də daxili qoşunlar onların təcavüzünü dəf etməkdə xeyli çətinliklərlə üzləşəcək və o zaman Qazaxıstan rəhbərliyi öz növbəsində xarici hərbi birləşmələrdən, xüsusən də “Taliban” hərəkatından kömək istəmək məcburiyyətində qalacaq. Bu isə Qazaxıstanda radikal islamlaşma yoluna qədəm qoymaq kimi yozulacaq və ölkədə sələfiliyin tanınmış tərəfdarlarının fəaliyyəti qanuniləşdiriləcək. Bu da öz növbəsində sələfi kimi tanınan Kayrat Satıbaldının azadlığa buraxılması məsələsini gündəmə gətirəcək.

Rusiyada qadağan olunmuş ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələrindən biri Ancali Kaur isə deyib ki, Amerikanın Çin siyasətində Mərkəzi Asiyada region əhəmiyyətli rol oynayır. Elə ona görə də ruslar ən təcrübəli qazax siyasətçisi İmanqali Tasmambetovu KTMT-nin baş katibi vəzifəsinə təyin etməklə Rusiya və Qazaxıstan liderlərinin real təhlükənin təkcə Qazaxıstana deyil, bütün Mərkəzi Asiyaya haradan gəldiyini yaxşı bildikkərini nümayiş etdirmək niyyətini güddülər.

Xatırladaq ki, 2019-cu il dekabrın 18-də Qazaxıstan Prezidenti Qasım-Comart Tokayev İmanqali Tasmaqambetovu pensiya yaşına çatması ilə əlaqədar 2017-ci ilin fevralından tutduğu respublikanın Rusiyadakı səfiri vəzifəsindən azad edib. 65 yaşlı Tasmaqambetov müxtəlif illərdə həm də Qazaxıstan baş nazirinin müavini, müdafiə naziri, Astana və Alma-Ata administrasiyalarının rəhbəri olub.

Ruslar ümid edir ki, o, təcrübəli siyasətçi kimi özünü postsovet məkanının strateji sabitliyinin təmin edilməsində ən mühüm mövqedə tapıb deyə Mərkəzi Asiyada sülhün qorunmasında maraqlı olan bütün oyunçularla ortaq dil tapa biləcək.

Görünən isə odur ki, ruslar Mərkəzi Asiyada zəifləyən mövqelərini gücləndirmək üçün qanlı qərarlar qəbul etməyi düşünür. Amma bunu hansı şəkildə və tarixdə həyata keçirəcəyini isə yalnız Putin bilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*