Rusiya qazının Avropaya ixracı İFLASA UĞRADIbackend

Rusiya qazının Avropaya ixracı İFLASA UĞRADI

2025-ci ilin yanvar-iyul aylarında Rusiyanın “Qazprom” şirkəti Avropada qalan müştərilərinə 9,93 milyard kubmetr qaz nəql edib.

KONKRET.az xəbər verir ki, “Qazprom”un Avropaya 18,3 milyard kubmetr satdığı keçən ilin eyni dövrü ilə müqayisədə həcmlər, demək olar ki, iki dəfə azalıb. Avropa bazarına hər ay orta hesabla 1,4 milyard kubmetr qaz ixrac edilirdi və bu temp davam edərsə, ilin sonuna qədər “Qazprom” Avropa ölkələrinə cəmi 17 milyard kubmetr qaz ixrac edəcək ki, bu da 1970-ci illərin əvvəllərindən bəri yeni antirekord olacaq.

Müqayisə üçün qeyd edək ki, 1975-ci ildə SSRİ-nin Avropaya ixrac etdiyi qazın həcmi ildə 19,3 milyard kubmetr idisə, 1980-ci ildə Almaniya ilə böyük müqavilə bağlandıqdan sonra bu, artıq 54,8 milyard idi. Müharibədən əvvəlki 2018-19-cu illərdə Qazprom Avropaya ildə 170-180 milyard kubmetr qaz nəql edirdi. Ukraynanın işğalından sonra bu həcmlər 2023-cü ildə 28 milyard kubmetrə, 2024-cü ildə isə 32 milyard kubmetrə düşüb.

2025-ci ilin əvvəlindən “Qazprom” Ukrayna ərazisindən tranzitini itirib. “Türk axını” ilə tədarük illik müqayisədə 7% artsa da, bu, ildə 140 milyard kubmetrdən çox ötürmə qabiliyyətinə malik Ukrayna boru kəmərinin olmamasını kompensasiya etmək üçün yetərli olmadı.

Dünyanın ən böyük sübut edilmiş qaz ehtiyatlarını işlədən “Qazprom” onu satmaq imkanından məhrum olub və hasilatı azaltmaq məcburiyyətində qalıb. Rosstatın məlumatına görə, ilin birinci yarısında Rusiyada qaz hasilatı illik müqayisədə 3,2%, LNG isə 5,2% azalıb.

Ötən il “Qazprom”un hasilatı 416,19 milyard kubmetr təşkil edib ki, bunun da yalnız 355,23 milyardı xarici və daxili bazarlarda satılıb. Nəticədə şirkətdə 60 milyard kubmetrə yaxın satılmamış qaz qalıb – bu, bəzi qaz hasil edən ölkələrin illik hasilatı ilə müqayisə olunan həcm (BƏƏ-də 55 milyard kubmetr) və illik istehlakdan, məsələn, Polşada (20 milyard kubmetr) üç dəfə çoxdur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*