“Vaqner” silahlı qrupunun Rusiyada üsyan qaldırması və cəmi bir-neçə saata da geri çəkilməsi Qərbdə müəyyən çaşqınlıq yaradıb. Bəziləri bunu Rusiyanın səhnələşdirdiyini düşünür. Bir çox Qərb mütəxəssisləri hesab edir ki, bununla da Rusiya özünün döyüşə hazır ən qabaqcıl qruplaşmasını Belarusa keçirməklə taktiki gedişlər edib.
Hazırda Belarus ordusunda təxminən 45 min nəfər şəxsi heyət var. Ehtiyatda olanların sayı isə 300 min nəfərdir. Bu ordu heç vaxt silahlı münaqişədə iştirak etməyib. İndi Belarus ərazisinə keçən “Vaqner”in mütəxəssisləri müasir müharibənin nə olduğunu onlara izah edəcək və öyrədəcəklər.
Lukaşenko hesab edir ki, Belarus da gec-tez münaqişəyə cəlb edilə bilər və bunun üçün daha hazırlıqlı və daha çevik hərbi qrupa ehtiyacları var. İndi onların yanında təcrübəli, döyüş sınağından keçmiş, çox cəld hərəkət etməyi bacaran, şəhərlərdə və ondan kənarda döyüşlər aparmağa qadir ordu var.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin “Vaqner” qrupunun əfv edilməsiylə bağlı bəyanatında onların Belarusa gedə biləcəyini vurğulayıb.
Vəli Həsənov,
KONKRET.az