Rusiyada işləyən Biləsuvar sakini zorla Ukrayna ilə müharibəyə göndərilib – Yaşlı ana kömək istəyir – FOTObackend

Rusiyada işləyən Biləsuvar sakini zorla Ukrayna ilə müharibəyə göndərilib - Yaşlı ana kömək istəyir - FOTO

Rusiyada çalışan Azərbaycan vətəndaşlarının Ukrayna ilə davam edən müharibəyə zorla göndərildiyi barədə yeni faktlar məlum olub.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı, 1980-ci il təvəllüdlü Rufullayev Tahir Soltan oğlu bu ilin yanvar ayında məcburi şəkildə Rusiya tərəfdən Ukrayna ilə müharibəyə göndərilib.

Tahir Rufullayevin anası Sonabəyim Fərziyeva APA-ya bildirib ki, oğlu ona bu il 15 yanvar tarixində gizli şəkildə zəng edib, bildirib ki, Rusiya tərəfdən Ukraynaya müharibəyə aparılır.

Oğlum iki il əvvəl Rusiyaya işləməyə gedib”

“Mən yaşlı qadınam, yağış yağanda evimin damından içəri su tökülür. Oğlum Biləsuvarda maşın ustası işləyirdi. Maddi vəziyyətimizi yaxşılaşdırmaq və evin dam örtüyünü təmir etmək üçün təxminən iki il əvvəl Rusiyaya, Voronejə işləməyə gedib.

Oğlum Rusiyaya 3 aylıq işləməyə getmişdi. Sonra yaşamaq üçün sənədlərinin müddəti bitdi, rus dilini bilmədiyi və sənədlərini düzəltmək mümkün olmadığı üçün qeyri-rəsmi şəkildə işləməyə davam etdi. Təxminən iki il idi Rusiyada sənədsiz yaşayırdı”, – deyə o qeyd edib.

Məhkəməsi olacaqdı, müharibəyə göndərilib

Anasının sözlərinə görə, Tahir Rufullayev bir müddət əvvəl Rusiya polisi tərəfindən saxlanılıb. Ona bildirilib ki, ya Rusiya ordusu sıralarında müharibəyə göndəriləcək, ya da 20-25 il müddətinə həbs cəzasına məhkum ediləcək: “Həmçinin, onu narkotik maddəyə görə tutulmaqla hədələyiblər. Halbuki oğlum nə narkotik istifadəçisidir, nə də siqaret çəkəndir.

Oğlum mənə dedi ki, onu tutan polis əməkdaşları hər saxlanılan azərbaycanlıya görə müəyyən məbləğdə pul alırlar. Oğlum orada fiziki təzyiqə və işgəncəyə məruz qalıb. Təxminən üç ay ərzində polis idarəsində və naməlum yerlərdə saxlanılıb. Nəticədə işgəncə və məcburiyyət yolu ilə onu müharibəyə göndəriblər”.

Sonabəyim Fərziyeva qeyd edib ki, 2025-ci il dekabrın 22-də keçirilməsi nəzərdə tutulan birinci məhkəmə iclası baş tutmayıb: “İkinci məhkəmə iclası isə 2026-cı il yanvarın 24-nə təyin edilib. Biz həmin müddətdə oğlumun ya həbs olunacağını, ya da deportasiya ediləcəyini gözləyirdik. Lakin yanvarın 15-də oğlum məcburi müharibəyə göndərilib”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*