Ekstremizm riskləri ilə əlaqəsinin sübuta yetiriləcəyi təqdirdə Rusiya Müsəlmanları Ruhani İdarəsi niqabın qadağasını dəstəkləyəcək.
KONKRET.az Rusiya mediasına istinadən xəbər verir ki, bunu Rusiya Müsəlmanlar Ruhani İdarəsinin sədr müavini, Moskva müftisi İldar Alyautdinov deyib.
“Əgər rəsmi orqanlar müsəlman qadınların niqab taxması ilə ekstremizm riskinin artması arasında birbaşa əlaqəni müəyyən edərsə və niqab qadağası vətəndaşlarımızın həyatını xilas etməyə xidmət edərsə, o zaman Müsəlman Ruhani İdarəsi onlara dəstək verməyə qərar verəcək”, – deyə müfti vurğulayıb.
O xatırladıb ki, Rusiya dünyəvi dövlətdir və Müsəlmanlar Ruhani İdarəsi niqab taxmağın tərəfdarı deyil. Çünki müasir cəmiyyətdə İslam dininin müvafiq tələblərinə cavab verən ənənəvi hicabı seçmək daha düzgün olardı.
“Məsələn, mənim həyat yoldaşım və qızım niqab taxmırlar”, – ruhani əlavə edib.
Qeyd edək ki, ekstremizm riskini artıran amillərin müzakirəsi zamanı Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyev qadınların üzünü tamamilə örtən niqabların qadağan edilməsinin vacibliyinə diqqəti cəlb edib. İctimai fəal vurğulayıb ki, bu məsələni ənənəvi İslam nümayəndələri və regional hakimiyyət nümayəndələri ilə müzakirə etmək niyyətindədir.
Xatirə SADİQ,
KONKRET.az