İyulun 15-də Brüsseldə Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tutub. Üçtərəfli görüşdə bir çox məsələlər müzakirə olunub. Daha sonra Şarl Mişel mətbuat önünə çıxaraq öz fikirlərini çatdırıb.
KONKRET.az-a açıqlama verən politoloq Fikrət Sadıqov görüşün nəticələri və Brüsseldə Azərbaycanın əldə etdiyi üstün mövqeyi dəyərləndirib:
“Şarl Mişelin bəyanatından belə aydın oldu ki, bu yanaşma kifayət qədər ədalətlidir. Düzdür, orada bizi qane etməyən məqamlar da var. Amma bir çox maddələr bizi tam qane edir, maraqlarımıza cavab verir. Bura ərazi bütövlüyünün tanınması, kommunikasiyaların açılması, humanitar yüklərin daşınmasıyla bağlı şərtlər və digər məsələlər daxildir. Eyni zamanda Ermənistanda Paşinyana qarşı çıxış edən qüvvələr qorxu içindədir, onların uzun illər Qarabağ xülyası puça çıxıb. Azərbaycan Qarabağın Ermənistana birləşməsinə imkan vermədi.
Eyni zamanda Qarabağ müstəqil qurum kimi heç kim tərəfindən tanınmadı və heç kəsin də tanımaq planı yoxdur. Bütün bunlar isə Ermənistanda qıcıq doğurur. Paşinyana qarşı kampaniya davam edir. Onu satqınlıqda və Qarabağı guya Azərbaycana verən siyasətçi kimi günahlandırırlar. Bu da düşmən ölkədə narazılıq doğurur. Amma bu bizi narahat etməməlidir. Biz öz mövqeyimizdə kifayət qədər düzük və yanımızda müttəfiqlərimiz var. Avropa İttifaqının prezidenti də ədalətli mövqedədir”.
Qarabağa humanitar yüklərin daşınması üçün Bərdə-Ağdam yolunun təklif edilməsi Ermənistanda bir mənalı qarşılanmayıb. Onlar bu təkliflə razılaşmanı Qarabağda ermənilərin sonu hesab edirlər:
“Ermənilərdə ən çox qıcıq yaradan elə budur. Onlar Ağdamdan Xankəndinə gələn humanitar yükləri qəbul etməlidirlər. Bunu Şarl Mişel açıq şəkildə bəyan edib. Bu isə onları narahat edən məqamdır. Ermənilər etiraz edir ki, bu yol Azərbaycan ərazisindən keçir. Guya Laçın Azərbaycan ərazisi deyil? İstəmirlər, özləri bilərlər, amma biz təklif edirik. Bunu Qərb və Avropa qəbul edir. Erməni radikal qüvvələri isə qəbul etmək istəmir”.
Brüssel görüşü ilə bağlı Rusiyanın mövqeyi tam fərqlidir. Məsələyə müxtəlif cür yanaşan Rusiya regionda gücünü qoruyub-saxlamaq üçün hər cür siyasi manipulyasiyaya əl atır. Qərb platformasında Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra hər dəfə Rusiya qeyri konstruktiv mövqe nümayiş etdirir. Bu dəfə də istisna olmadı:
“Maraqlısı odur ki, Brüsseldə görüş başa çatmamaış Rusiya XİN bəyanat verdi. Bəyanatda qeyd olunurdu ki, ”Qarabağ Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınırsa, regionda yeni vəziyyət yaranır”. Başa düşə bilmirəm, hansı vəziyyəti nəzərdə tuturlar? 2020-ci ildə üçtərəfli bəyanat imzalananda da əsas məqsədimiz Qarabağı Azərbaycanın tərkibinə qaytarmaq idi və 44 günlük müharibə elə bunun uğrunda gedirdi. Ruslar da bunu çox gözəl anlayırdılar. İndi bunların şübhələrini başa düşmək olmur. Bir tərəfdən XİN belə deyir, bundan əvvəl isə Putin bəyan etmişdi ki, Qarabağ Azərbaycan ərazisidir və bunu Paşinyan etiraf edir. Çox maraqlı məqamlar müşahidə olunur. Sanki sağ əlin elədiyini sol əl görmür. Rusiya rəhbərliyinin bu çaşqınlığı mərkəzi hakimiyyətin zəifliyinin göstəricisidir. Amma hər halda biz öz cavabımızı vermişik və öz mövqeyimizdə qəti şəkildə qalacağıq”.
Vəli Həsənov,
KONKRET.az