Rusiyanın neft sənayesi məhv edilir – ABŞ Ukraynadan narazıdırbackend

Rusiyanın neft sənayesi məhv edilir - ABŞ Ukraynadan narazıdır

Ukrayna ordusu son dövrlərdə Rusiyanın neft emal edən infrastrukturuna ağır zərbələr endirib.

KONKRET.az-ın məlumatına görə, hücumlar pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilir.

Ekspertlər deyir ki, Ukraynanın məqsədi Rusiyanın neft sənayesinə zərbə vurmaq, onun gəlirlərini azaltmaq, cəbhəyə benzin tədarükünü azaltmaqdır.

Almaniyanın “Deutsche Welle” nəşrinin məlumatına görə, müharibə başlayandan bəri Ukrayna ən azı 37 dəfə Rusiyanın neft emalı zavodlarına PUA-larla hücum edib.

80% hallarda pilotsuz uçuş aparatları hədəflərinə çatıb. Rusiya infrastrukturuna dəyən ziyan o qədər olub ki, Rusiya neftayırma zavodlarının gücünün əhəmiyyətli hissəsi fövqəladə rejimə keçirilib və Rusiya hökuməti benzinin ixracına qadağa qoyub.

Rusiyadakı neft emalı zavodları pilotsuz təyyarələrin aşkarlanması və qarşısının alınması sistemlərini aktiv şəkildə təchiz etməyə başlayıblar. Son altı ayda neft emalı zavodları radioelektron müharibə sistemlərinə ciddi investisiya yatırıb.

Hətta Ukrayna ilə sərhəddən təxminən 5 min kilometr aralıda yerləşən Anqarsk Neft-Kimya Şirkəti də pilotsuz uçan aparatların aşkarlanması və qarşısının alınması sistemləri sifariş verib.

Buna baxmayaraq, ABŞ Ukraynanın bu zərbələrindən məmnun deyil. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski də təsdiq edib. O, “Washington Post”n ABŞ-ın Rusiyanın neft emalı və enerji obyektlərinə zərbə endirməməyə çağırması ilə bağlı sualına cavab olaraq bildirib ki, amerikalıların buna reaksiyası müsbət olmayıb.

Lakin o qeyd edib ki, Vaşinqton Kiyevə öz dronlarından istifadə etməyi qadağan edə bilməz.

Zelenski hesab edir ki, Ukraynanın enerji sistemini qorumaq üçün hava hücumundan müdafiə sistemləri olmadığı bir şəraitdə Rusiyanın ona hücumlarını yalnız cavab zərbələri endirməklə dayandırmaq olar.

“Onların cəmiyyəti benzin, dizel və elektriksiz yaşamağı öyrənməlidir”, – Zelenski qeyd edib.

Qərb mətbuatı bildirir ki, Ukrayna Rusiyanın metallurgiya sənayesini də hədəf almağa başlayıb. Bir neçə gün əvvəl “Severstal” şirkətinə məxsus Çerepovets Metallurgiya Kombinatında partlayış törədilib, Jeleznoqorsk şəhərində yerləşən Variçev adına dağ-mədən filizsaflaşdırma kombinatına və Novolipetsk Metallurgiya Kombinatına isə PUA zərbələri endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*