“Rusiyanın Xankəndidə konsulluq açmaq ehtimalı regionda narahatlıqla qarşılanır. Bu ideya nə məntiqi, nə də siyasi baxımdan əsaslandırıla bilər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə səsləndirib.
“Ümumiyyətlə, Rusiyanın Xankəndində hər hansı konsulluq açması məqbul deyil. Belə baxanda Qarabağ ərazisində rus vətəndaşları yoxdur. Məntiq nöqteyi-nəzərdən də bu əsaslandırıla bilməz,” – deyə ekspert bildirib.
O, əlavə edib ki, hazırda Rusiya Cənubi Qafqaz ölkələrinə, xüsusilə də Ermənistana müxtəlif siyasi təzyiqlər göstərir. Belə bir fonda Moskvanın Xankəndidə konsulluq açmaq istəyi regionda öz mövqelərini gücləndirmək niyyəti ilə izah oluna bilər.
“Amma düşünürəm ki, bu addım Azərbaycanın milli maraqlarına cavab vermir. Bu baxımdan konsulluğun açılmaması daha məqsədəuyğundur,” -deyə politoloq vurğulayıb.
Ekspert, həmçinin yaxın günlərdə Rusiya Prezidentinin köməkçisinin Qarabağla bağlı verdiyi açıqlamaya da toxunub:
“Rusiya tərəfi Qarabağla bağlı düzgün olmayan, həqiqətə uyğun gəlməyən məlumatlar yayır. Onlar Ukrayna ilə Qarabağ məsələsini eyniləşdirməyə çalışırlar, hərçənd, bu, tamamilə fərqli situasiyalardır. Keçmiş Qarabağ münaqişəsi tamamilə başqa xarakter daşıyırdı.”
Ekspert əlavə edir ki, bu cür yanaşmalar həm regional sabitliyə zərər vurur, həm də Azərbaycan tərəfinin suverenliklə bağlı haqlı narahatlıqlarını artırır.
Müşviq Tofiqoğlu
KONKRET.az