Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücum zamanı ukraynalı hərbçilərin işğal etdiyi Rusiya ərazilərindən çıxarılması üçün Rusiyaya 15-20 briqada və ya ən azı 50 min əsgər lazımdır.
KONKRET.az xəbər verir ki, bu barədə informasiyanı anonim ABŞ rəsmiləri “The New York Times” nəşrinə deyib.
Nəşr qeyd edir ki, indi Rusiya ordusunun sərhəd bölgələrində lazımi sayda qüvvəsi “demək olar ki, çatışmır”. Ukrayna isə əməliyyata təxminən 10 min hərbçi cəlb edib.
Amerikalı rəsmilər və analitiklər hesab edirlər ki, Ukrayna nə qədər çox Rusiya ərazisini ələ keçirsə, onları Rusiyanın əks-hücumundan müdafiə etmək bir o qədər çətin olacaq.
Rəsmilər Ukraynanın Kursk bölgəsindəki mövqeyini uzun müddət saxlamayacağını təklif edirlər. Onlar qeyd edirlər ki, Ukrayna Silahlı Qüvvələri xəndəklər qazmır, tarlaları minalamır, həm də Rusiya zirehli texnikasının sürətini azalda biləcək sədlər çəkmir.
Eyni zamanda, Pentaqon rəsmilərindən biri bildirib ki, müdafiə xətlərinin tikintisinin ləngiməsi heç də Ukraynanın öz mövqelərini saxlamaq istəməməsi demək deyil. O, Ukrayna ordusunun daha da irəliləyə biləcəyini və bundan sonra müdafiəyə keçə biləcəyini təklif edib.
“The New York Times” yazır ki, Ukrayna Kursk vilayətində bir neçə yaşayış məntəqəsini ələ keçirə bilsə də, hücumun əsas məqsədi Rusiyanı Ukraynanın şərqindən qoşunlarını Kursk vilayətinə köçürməyə məcbur etməkdir.
Günel Mikayılova,
KONKRET.az