“Rusiyaya qarşı sanksiyaların Qərbdən kənarda heç bir təsiri yoxdur və biznes axınını dayandırmaq cəhdləri onu başqa istiqamətə yönləndirir”.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dubay Ticarət və Sənaye Palatasının sədri Hamad Buamim “Financial Times” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, sanksiyalar iqtisadiyyatı ləngidir, lakin heç vaxt dayandırmır: “Ticarət davam edir, sadəcə olaraq, başqa çür axır. İqtisadiyyatın yalnız dünyanın bir tərəfindən nəzarət edilməməsi faktı bu sanksiyaları daha az effektli edir. Yalnız Ukrayna münaqişəsini götürsək, Qərbə baxanda sanksiyalar təsirli olur, qalan məsələlərdə onlar o qədər də effektli deyil”.
Qeyd olunur ki, İsveçrənin Moskvaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasından sonra neft treyderləri Cenevrədən BƏƏ-yə köçdükləri üçün Dubay ABŞ və Avropanın Rusiya iqtisadiyyatını təcrid etmək cəhdlərindən “benefisiar” kimi görünür. Hazırda Dubay zonasında 3000-ə yaxın enerji şirkəti qeydiyyatdan keçib.
Bununla belə, son aylarda BƏƏ də digər ölkələr kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya tərəfindən Rusiya ilə ticarət edən şirkətlərə qarşı tədbir görmək üçün təzyiqlərə məruz qalıb. ABŞ-nin ticarət əməliyyatlarını maliyyələşdirən beynəlxalq bankları hədəfə aldığı xüsusilə vurğulanır.
Bu arada Avropa Parlamenti BƏƏ-nin Aİ-nin yüksək riskli ölkələrin “boz siyahısı”ndan çıxarılmasının əleyhinə səs verib və onun Rusiyanın sanksiyalarından yayınması ilə bağlı zəif səylər göstərdiyini iddia edib. Bu məsələ hazırda Avropa Komissiyasındadır.
Xatirə SADİQ,
KONKRET.az