Ruslar hərbi xidmətdən yayınmaq üçün cinsiyyətini dəyişir.
KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” Dövlət Dumasındakı mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, rusiyalı kişilər hərbi xidmətdən yayınmaq üçün cinsiyyətinin dəyişdirilməsinə əl atmağa başlayıblar.
Nəşrin mənbəsinin sözlərinə görə, Ukraynadakı müharibə fonunda bir çox gənclər hərbi xidmətə getməmək üçün cinsiyyətini dəyişməyə özəl klinikalara üz tutublar.
Bununla bağlı Dövlət Duması cinsiyyətin əməliyyatsız dəyişdirilməsini qadağan edən qanun qəbul etməyə hazırlaşır.
Duma Şurası müvafiq qanun layihəsinə bayramlardan sonrakı ilk iclasında – mayın 15-də baxa bilər.
“Kommersant” qeyd edir ki, “qondarma” cinsin dəyişdirilməsi mövzusunu ilk dəfə Ədliyyə Nazirliyinin rəhbəri Konstantin Çuyçenko qaldırıb. O, “Vətəndaşlıq vəziyyəti aktları haqqında” və “Rusiya Federasiyasında vətəndaşların sağlamlığının qorunmasının əsasları haqqında” qanuna cərrahi müdaxilə olmadan cinsiyyətin dəyişdirilməsini qadağan edəcək bir sıra dəyişikliklərin edilməsini təklif edib.
Təşəbbüsü Dövlət Dumasının sədri Vyaçeslav Volodin də dəstəkləyib.
Onun sözlərinə görə, son vaxtlar cinsiyyətinin dəyişdirilməsi ilə bağlı 2700 fakt qeydə alınıb.
“İnsan səhər durub qərar verir ki, o, artıq kişi deyil, qadındır. Ödənişli klinikaya gedir. Xidmətin qiyməti 30 mindən 60 min rubla qədərdir. Arayış alır və bu arayışla soyadını, adını, ata adını dəyişdirmək üçün qeydiyyat şöbəsinə, pasport idarəsinə gedir”, – deyə Volodin vurğulayıb.
Xuraman Etibarlı,
KONKRET.az