Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi fonunda Paşinyanın verdiyi hər bir bəyanat rəsmi Moskvanı qıcıqlandırır. Paşinyanın Gürcüstanla bağlı səsləndirdiyu fikirləri Kremlidə təftiş edən Rusiya rəhbərliyi Ermənistan baş nazirinin dediklərini Rusiyaya qarşı hörmətsizlik kimi dəyərləndirib.
KONKRET.az xəbər verir ki, Nikol Paşinyan Abxaziya və Cənubi Osetiyanı Gürcüstanın ayrılmaz hissəsi hesab edir və həmin ərazilərin Rusiyanın işğalı altında olduğunu bildirib. Paşinyanın birbaşa Moskvanın bostanına daş atmasını həzm edə bilməyən Rusiya mətbuatı yazır ki: “Bu, həqiqətən də gözlənilməzdir, belə bir bəyanat üçün izahat tələb edilməlidir. Bununla belə, Paşinyan ölkəmizi onlara kömək etməməkdə ittiham edir. Məsələn, o, Rusiya sülhməramlılarını Qarabağda Azərbaycana qarşı vuruşmamaqda günahlandırır. Paşinyan hətta təşkilatın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini əsas gətirərək, KTMT-dən çıxmaq istəyini də ifadə edib.
Onun fikrincə, NATO-ya üzv olmaq daha yaxşıdır, çünki bu hərbi alyans etibarlı müdafiəni təmin edəcək. Lakin görünən odur ki, Paşinyan ABŞ və Avropanın Rusiyaya qarşı mübarizə apardığına göz yummaq qərarına gəlib. Ermənistanın baş naziri beynəlxalq siyasətə qarışmaqdansa, öz ölkəsinin problemləri ilə məşğul olsa, daha yaxşıdır. Təbii ki, Gürcüstan onun mövqeyini, xüsusən də Rusiyanı işğalçı adlandırmasını yüksək qiymətləndirdi. Amma biz hamımız çox gözəl başa düşürük ki, Rusiya yalnız Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb və dostluq münasibətlərini saxlayır, müxtəlif sahələrdə yardım və əməkdaşlıq edir. Lakin bu, Paşinyanın bizi işğalda ittiham etməsinə mane olmadı”.
Bu sətirlər Rusiya mətbuatındandır və rusiyalı həmkarlarımız Ermənistan baş nazirinin Rusiya haqqında dediyi hər bir cümləni belə təhlil edir. Paşinyan isə müttəfiqləri barədə hələ xoş sözlər işlətməyib və daim rusları məzəmmət edən bəyanatlar səsləndirir.
Vəli Həsənov,
KONKRET.az