“Ruslar “sülh göyərçini” deyil, bunu anlamağa nə var ki! – Mədhiyyəyə “STOP!”backend

"Ruslar "sülh göyərçini" deyil, bunu anlamağa nə var ki! - Mədhiyyəyə "STOP!"

Müasir dövrün ən böyük üstünlüklərindən biri – ictimai-siyasi proseslərin şəffaf olmasıdır. Dövlət başçılarının vaxtaşırı açıqlamaları və bəyanatları siyasi danışıqların gizli tərəflərinin ömrünün çox da uzun çəkməsinə yol vermir.

Noyabrın 10-da məlum oldu ki, Ermənistan kapitulyasiyaya imza atıb və Azərbaycanın əksər şərtlərini qəbul edib. Həmin şərtlərin bütövlükdə qəbuluna Rusiya əngəl oldu. Söhbət Azərbaycan əsgərinin Xankəndiyə daxil olmasından, bayrağımızın bu şəhərdə də yüksəklərə ucaldılmasından, Dağlıq Qarabağın hərbi yolla tamamilə işğaldan azad edilməsindən, qondarma və quldur rejimin bölgəmizdən birdəfəlik çıxarılmasından gedir.

Kreml növbəti dəfə ermənilərin köməyinə yetişdi. İndi də hər vəchlə onları Dağlıq Qarabağda saxlamağa çalışır. Cəmiyyətimizin əksəriyyəti ermənilərin havadarının nəyə qadir olduğunu bilir, 1993-cü ildə ölkəmizdən çıxardığımız rus hərbçilərinin yenidən əzəli torpaqlarımıza gəlməsindən çox narahatdır.

Lakin hər kəs torpaqlarımızın hesabına ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyini dəfələrlə bəyan edən Prezident, Ali Baş Komandan İlham Əliyevə çox güvənir. Çünki 17 ildə iri dövlətlərin böyük təzyiqləri qarşısında geri çəkilməyib, 44 günlük müharibə zamanı əsl dövlət başçısı və sərkərdə kimi xalqımızın gözləntilərini doğruldub. Hər müraciəti, müsahibəsi və əməli ilə ürəklərimizdən tikan çıxaran liderimizin Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı və ədalətli mövqeyinin siyasi və diplomatik baxımdan da tam qalib gələcəyinə əminik.

Odur ki, sazişə uyğun olaraq hazırda baş verənlərin – Xankəndinə 1960 rus hərbçisindən başqa, FHN əməkdaşlarının gətirilməsinin, Ermənistan–Azərbaycan sərhədinə əlavə hərbi qüvvələrin yeridilməsinin, 28 illik həsrətdən sonra Ağdamın Azərbaycana geri qaytarılması münasibətilə kimlərinsə Rusiya bayrağını Azərbaycan və Türkiyə bayraqları ilə birlikdə dalğalandırmasının, sınıq-salxaq rus dilində danışan ahıl ağdamlının Rusiyanın “Первый” telekanalına müsahibəsində “ruslar bizim böyük qardaşlarımızdır” deməsinin də siyasi və diplomatik gedişlərdən qaynaqlandığına inanmaq istərdik.

Bütün bu incəliklərə baxmayaraq, təəssüf ki, cəmiyyətimizdə Rusiyanı qəhrəmana çevirməyə çalışan qüvvələr də tapıldı. Və bütün fəlakətlərimizin 200 illik salnaməsinin, son 30 illik dövrünün baiskarının ünvanına mədhiyyələr yağdırılmağa başlandı. Bununla torpaqlarımızın Azərbaycanın mərd, igid oğullarının qanı və canı bahasına, Azərbaycan Prezidentinin gərgin əməyi və əsəbləri hesabına azad edilməsini dərhal yaddan çıxaranlar “Rusiya istəsəydi, biz torpaqlarımızı, ən əsası isə Şuşanı geri qaytara bilməyəcəkdik; Rusiyanın müdaxilə etməməsi bizim qələbə çalmağımıza səbəb oldu” kimi əsassız və təhlükəli fikirlər yaymağa başladılar.

Amma sabun köpüyünə bənzər bu boş fikrin ömrü çox çəkmədi. Qonşu ölkənin prezidenti Vladimir Putin “Россия-24” telekanalına müsahibəsində onları xəyal qırıqlığına uğratdı. O, dolayısı ilə etiraf etdi ki, rusları Qarabağ savaşına müdaxilədən Türkiyə amili çəkindirib. NATO dövlətləri arasında ən güclü ordulardan birinə malik olan Türkiyənin müstəqil Azərbaycan dövlətinin yanında durması xəbərdarlığı şimal qonşunun Vətən savaşımıza müdaxiləsinin qarşısını alıb.

Amma Prezident İlham Əliyevin müsahibələrini diqqətlə izləyənlər onsuz da bu faktı bilirdilər. İ.Əliyev bütün müsahibələrində Türkiyənin siyasi dəstəyi sayəsində erməni havadarlarının Vətən savaşımıza qarışa bilmədiklərini nəzərə çatdırırdı. Xatırlayırsınızsa, İlham Əliyev özü Tovuz hadisələri zamanı Ermənistanı təkbətək döyüşə çağıraraq, mənfur düşmənin Azərbaycan Ordusunun qarşısında davam gətirməyəcəyini demişdi. Sentyabrın 27-dən başlayan Vətən savaşı dönəmində isə Prezident xalqa müraciətlərində dəfələrlə vurğulayırdı ki, Türkiyənin siyasi, diplomatik və media dəstəyi ermənilərin havadarlarına xəbərdarlıq oldu və rəşadətli Ordumuz II Qarabağ müharibəsini qalibiyyətlə başa vurdu.

Əslində, Azərbaycanın siyasi isteblişmentinin, diplomatlarımızın dövlətlərarası münasibətləri gərginləşdirməmək naminə Rusiyanı vasitəçi kimi tərifləməsini, guya Qarabağ torpağına sülhün gəlməsində maraqlı olduğunu bəyan etməsini başa düşmək olur. Amma cəmiyyətdəki bəzi qüvvələrin təkcə son 30 ildə Kremlin başımıza gətirdiyi erməni fəlakətini unutması, bir anda imperialist və şovinist bir qüvvəni qəhrəmana çevirmək cəhdi anlaşılmır. Belə şəxslərin üzünə istər-istəməz “Mənfur, vəhşi, yırtıcı ermənilər kimin 366-cı motoatıcı alayı ilə birlikdə Xocalı soyqırımını törətmişdi? Kimin silahları ilə müharibə meydanında Azərbaycan hərbçilərini, Gəncədə, Bərdədə, Mingəçevirdə, Tərtərdə, Göranboyda və digər rayonlarımızda yaşayan mülki vətəndaşlarımızı qətlə yetirirdilər? Rəsmi Bakı ermənilərə silah verilməsini faktlarla sübuta yetirəndə və tələb edəndə taxta-şalbandan danışan hansı ölkə idi? Ermənipərəst Peqovun ikinci Qarabağ müharibəsində döyüş zamanı lentə aldığı “vaqner”çilər hansı ölkəni təmsil edirdi?” suallarını çırpmaq istəyirsən!

4 günlük Tovuz hadisələri və 44 günlük müharibə zamanı, hətta Ermənistanın kapitulyasiyanı qəbul etməsindən sonra da Rusiyanın dövlət büdcəsindən maliyyələşdirilən federal telekanallarının daimi qonaqları olan erməni “ekspert”lərin, erməni və ermənipərəst rus telejurnalistlərinin xalqımızın əsəblərini tarıma çəkən açıqlamalar və uydurmalarla çıxış etmələri də göz qabağındadır. Sosial media şəbəkələrində Rusiyanı “sülh göyərçini” rolunda təqdim edən bəzi …şünaslar görəsən heç düşünürlərmi ki, bəs Azərbaycana və Türkiyəyə qarşı informasiya müharibəsinin adı nədir? Azərbaycan və Türkiyə Prezidentlərini, ümumiyyətlə, Türk Dünyasını təhqir etmək nə deməkdir? Budur, “müdaxiləni istəməmək”?!

Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, ermənilərin havadarları ilə düz 17 il danışıqlar aparıb, nökər ölkənin işğalından torpaqlarımızı sülh yolu ilə geri almaq üçün çoxlu layihələr təklif edib. Amma öz ölkəsində separatçı meyillərin bir dəqiqə belə mövcud olmasına dözmək istəməyən və onları hətta “ayaqyoluda məhv etmək” əmrini verən havadarlar Azərbaycan Prezidentinin sülhməramlı niyyətini vaxtında qiymətləndirməyiblər.

Bundan başqa, məhz İlham Əliyevin sözlərindən bəlli oldu ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan düz 10 il rusiyalı həmkarı V.Putinlə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli, Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın və ona bitişik 7 rayonun işğaldan azad edilməsi üçün israrlı şəkildə danışıqlar aparıb.

Bu danışıqların nəticəsiz qaldığını, Ermənistanın sərsəm və maymaq hərbi-siyasi rəhbərliyinin artıq həddini aşıb, qudurğanlığa qədəm basdığını görən Prezident İlham Əliyev iyulun 12-dən başlayaraq düşmənin Azərbaycana qarşı müxtəlif hərbi təxribatlar törətməsinə, bizi yeni torpaqların işğalı ilə təhdid edərək bütün cəbhə boyu hücuma keçməsinə cavab olaraq nökər, yırtıcı və vəhşi düşmənin hərb yolu ilə torpaqlarımızdan çıxarılması əmrini verdi. Nə yaxşı ki, ermənilər olan-qalan ağıllarını da itirib bizə hücum etdilər.

Doğrudur, bu qanlı müharibə bizə çox baha başa gəldi. Neçə-neçə mərd, igid, hünərli, cəsur oğul itirdik; əlil olanlar, yaralılarımız var; dinc, günahsız körpələrimiz, qadınlarımız, qocalarımız terror qurbanı oldular; şəhərlərimiz, rayonlarımız dağıntıya məruz qaldı.

Amma xalq kimi elə dəmir yumruğa çevrildik ki, bir nəfər də fərarimiz olmadı. Əksinə, yaralı oğullarımız tibbi yardım göstərilən kimi tam sağalmadan yenə də döyüş meydanına atıldılar, canlarını Vətən yolunda fəda etməkdən çəkinmədilər, bu savaşın gələcək nəsillərin öhdəsinə buraxılmasını istəmədilər.

Azərbaycanın bu çətin, amma şərəfli tarixinin yazıldığı dönəmdə yalnız hörmətli  Rəcəb Tayyib Ərdoğan qardaş adlandırdığı Prezident İlham Əliyevi tək buraxmadı. Türkiyənin nümayəndə heyətlərinin çoxsaylı mütəmadi səfərləri zamanı İlham Əliyev bildirdi ki, hər gün Ərdoğanla telefonda danışır. Bu, bəzən gün ərzində bir neçə dəfə olur.

Rusiyanın ünvanına mədhiyyələr yağdırmağa tələsənlər bir vacib məqamı da unudublar. Müharibənin dayandırılmasına, Ermənistanın kapitulyasiyanı qəbul etməsinə R.T.Ərdoğanla İ.Əliyevin birgə atdıqları düşünülmüş addımlar səbəb olub. Noyabrın 7-də məhz Türkiyə Prezidenti rusiyalı həmkarına zəng edərək məsələni birlikdə, ATƏT-in Minsk Qrupunun 27 il heç bir iş görməyən digər həmsədrlərinin iştirakı olmadan, daha çox qan tökülmədən həll etməyi təklif edib. Bu zaman tezliklə Şuşanın azad ediləcəyini və Azərbaycan Ordusunun Xankəndiyə girişinin qarşısının alınmaz olacağını da diqqətə çatdırıb.

Həmin təklifdən bir gün sonra – noyabrın 8-də – ərənlərimiz Şuşanı erməni tapdağından böyük şücaətlə xilas etdilər. İgidlərimiz Xankəndinin 2 kilometrliyində olanda Rusiya təklifin ciddiliyini anladı və zorən “sülh göyərçini”nə çevrildi…

Türklər demişkən, anlaması bu qədər bəsit…

Əslində isə Dağlıq Qarabağa sülhü gətirən Müzəffər Ordumuz, Müzəffər Xalqımız və Müzəffər Sərkərdəmizdir. Bunu canlarını Vətən yolunda fəda edən şəhidlərimizin dəfn mərasimləri sübut edir. Biz hər bir şəhidimizin qarşısında baş əyir, müstəqil dövlətimizin ərazi bütövlüyünün təmin edilməsinə görə onlara borclu olduğumuzu unutmuruq.

Şanlı qələbəmiz düşmən tapdağından azad olunmuş torpaqlarımızda bəzi quruculuq və abadlıq işlərinin görülməsinə rəvac verib. Artıq soydaşlarımızı Füzulidən Şuşaya aparacaq 101,5 kilometrlik yolun çəkilməsinə başlanılıb. Füzuli və Zəngilanın minadan təmizlənmiş ərazilərində çinar ağacları əkilib, palıd toxumları səpilib.

Prezident, Ali Baş Komandan İlham Əliyevin birinci xanım Mehriban Əliyeva ilə birlikdə Füzuli və Cəbrayıl rayonlarını ziyarət etməsi bu yaralı torpaqlara sülhü kimin gətirdiyinin göstəricisi oldu. Ordumuzun fateh sərkərdəsinin üçrəngli bayrağımızı  bu rayonlarda və azərbaycanlılar üçün tarixi önəm daşıyan Xudafərin körpüsündə, İranla sərhədimizdə dövlət himnimizin sədaları altında yüksəklərə ucaltması xalqımıza çox duyğusal anlar yaşatdı.

Bütün bunlar onu göstərir ki, ermənilər və onların havadarları yox, Azərbaycan xalqı əsl sülhpərvərdir. Postmüharibə dönəmində təkcə soydaşlarımızın deyil, 30 ilə yaxın bombalardan və raketlərdən əzab-əziyyət çəkən torpaqlarımızın yaralarını sağaltmağa başlamağımız bunun bariz nümunəsidir.

Xatirə SADİQ,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*