Dünən yayılan xəbərlərin birində sülhməramlıların 8-i uşaq olmaqla 28 Rusiya vətəndaşını Xankəndidən təxliyə etdiyi iddia olunurdu. Gərginlik zəncirini tamamlayacaq digər xəbərləri də qeyd etdikdən sonra bunun səbəblərini şərh edəcəyik.
KONKRET.az xəbər verir ki, bu gün Paşinyanın həyat yoldaşı Anna Akopyan II Qarabağ savaşında fərarilik edən 11 ermənini tənqid edib. Bunu isə töhmət görmək istəməyən ermənilərə III Qarabağ müharibəsinə hazırlıq mesajı kimi yozmaq olar.
Hər iki xəbər savaş cümləsinin nöqtəsinə yönələn vergüllərdir. Nöqtə kimi görünən xəbər isə budur:
Hizbullahın teleqram mənbələri İran vətəndaşlarını Bakını tərk etməyə çağırır.
– Xatırladaq ki, Nikol Paşinyanın “Qarabağ Azərbaycandır və nöqtə” bəyanatına İlham Əliyev 2020-ci ilin sonlarında əməli nida ilə cavab vermişdi.
Sülhməramlıların xidmətdə olmayan Rusiya vətəndaşlarını Xankəndidən təxliyə etməsinin 4 səbəbi ola bilər:
1. Təxliyə olunanlar sülhməramlıların yaxınlarıdır və istirahət müddətləri bitdiyi üçün yaşadıqları ölkəyə qayıdırlar;
2. Azərbaycan 3 ilə yaxındır tərkisilah olunmayan separatçılara qarşı antiterror əməliyyatı keçirə bilər və sülhməramlıların məsuliyyət zonası qısamüddətli qaynar nöqtəyə çevrilər;
3. Qarabağ İran ilə Azərbaycan arasında Araz çayı boyunca mümkün ola biləcək dron və artilleriya gərginliyindən mühafizə olunmayıb;
4. Kreml “Dağlıq Qarabağ Respublikası” niyyətindən əl çəkir.
Bəs Hizbullah niyə İran vətəndaşlarını Azərbaycanı tərk etməyə çağırıb?
1. Azərbaycanda İran agentlərinə qarşı DTX-DİN əməliyyatları genişlənib. Millət vəkili Fazil Mustafanın həyatına sui-qəsd cəhdindən sonra isə Azərbaycanın xarici işlər nazirliyi də cinayətdə İran izlərinin olduğunu demişdi. Bu isə o deməkdir ki, ayətullahlar əmmaməsini dizinə döysün. Bakı artıq Mahmud Əhmədinejadın “1 günə Bakıda oturaram” hədəsindən, yaxud İbrahim Rəisi SEPAH-nın “Qüdsə gedən yol Bakıdan keçir” cizgi-filmlərindən qorxmur. Bəli, Azərbaycan “İranın nüvə zavodlarını bombalayacam” ultimatumlu Təl-Əvivdə səfirlik açır;
2. İranın terror təşkilatlarının sözügedən çağırışları elə təsir bağışlayır, sanki Tehran Bakı ilə diplomatik əlaqələri kəsməyə, ardınca isə hərbi əməliyyatlara hazırlaşır. Lakin farsların Türkiyə-NATO qorxusu var. Bu səbəbdən Rusiya ilə dron-raket barteri ilə məşğuldurlar. İrandakı etirazlar fonunda devriləcəyini hiss edən molla rejimi iri savaşla dirəniş göstərmək istəyənə oxşayır. Adın da “sionistlərə qarşı cihad” qoyacaqlar ki, başı seçkilərə qarışmış Türkiyə, həmçinin ərazi bütövlüyü ilə əlləşən Azərbaycanın şiə qövmü ayağa qalxsın. İranın savaşacağı ölkələrin daxilində stabilliyi pozaraq sərhəddəki döyüşlərdə uğur qazanmaq istəyi xam xəyaldır. İran çox yaxşı anlayır ki, Bakıya qarşı istənilən həmlə islam respublikası üçün son cümlə olacaq.
– Bakı çox mühüm beynəlxalq layihələrin müəllif və ev sahibidir;
– Avropanın enerji təhlükəsizlinin təminatında əsas fiqurlardandır;
– BP-yə hücum Londonun məsələyə müdaxiləsidir;
– Ukraynada ləhləyən Rusiya İrana görə ikinci cəbhə açmayacaq. Həm də keçən ilin əvvəli Kremldə Bakı ilə müttəfiqlik bəyannaməsi imzalanıb;
– İsrail İran səmasını al rəngə, Taliban da şərq qurusunu qana boyayar, ərəblər isə körfəzdəki suyunu qurudar;
– Yəni mollalar da Nikol kimi Makronun qucağına qaçmaqla xilas olmaq istəyirlərsə, Səddam Hüseyni devirən ABŞ koalisiyasını yada salsınlar. Fransa həmin ittifaqdan da imtina etmişdi, amma Ağ Ev məqsədinə çatdı.
İndi gələk başlıqdakı III dünya savaşına və bildirək ki, Türkiyədə yayımlanmış “Payitaht Abdulhamid” teleserialında sultana bu haqda məktub oxunub. I və II dünya savaşları barədə daha ətraflı təqdim olunan videoda tanış ola bilərsiniz. Həmin kadrlarda 3-cü müharibədən də bəhs olunur və bu fəlakətin islam dünyası ilə sionistlər arasında baş tutacağı deyilir. Yəni yeni dünya savaşına səbəb Ukraynadakı Qərb-Rusiya toqquşması yox, İsrail-Fələstin, İsrail-İran gərginliyi olacaq. Sünn-şiə birliyi mövcud olmadığı üçün İrana bu müharibədə Fələstindən başqa, ən yaxşı halda Livan, Yəmən və Suriya yardım edə biləcək. Digər islam ölkələri isə bir neçə ildir ki, İsrail ilə əlaqələri normallaşdırmaq xətti götürüb. İndiki vəziyyətdə bu savaşın start səbəbləri arasında daha çox farsların Azərbaycana hücumu və yəhudilərin İrandakı nüvə laboratoriyalarını bombalaması ağlabatandır.
Videonu təqdim edirik:
Anar Rəhimov,
KONKRET.az