“Bizim nəslin uşaqları “qar qız”, “şaxta baba” ilə böyüyüb, “keçəl-kosa” ilə yox. “Qar qız”, öz gözəlliyi, şirin-şəkər danışığı, göz oxşayan hədiyyələriylə bizi özünə məftun edirdi. Bir çoxlarımızın ilk cocuq məhəbbəti də elə “qar qız” olardı. Hər gələn Yeni ili həm də ona görə səbrsizliklə gözləyərdik. Şaxta baba da həmçinin; maraqlı-emossional çıxışları, rəvayətləri, hədiyyə dolu iri torbası… Amma “Novruz”da qanımı qaraldan əsas bir nəsnə varsa, o da “keçəl-kosa”nı görməkdir”.
KONKRET.az xəbər verir ki, bunu sabiq deputat Etibar Hüseynov deyib.
“Cındır, nimdaş geyimli, vulqar qrimli, çiynində dilənçi torbası olan bu təlxəklər nece bayram ovqatı yarada bilər axı? Bir çox Novruz tədbirlərində kosa-keçəli görərkən qorxusundan zəhri çatlayanadək ağlayan uşaqları, yəqin ki, hər biriniz görübsünüz. Söz ehtiyatları da kasaddır: “ay uyruğu uyruğu, saqqalı it quyruğu” bir də “kosa min oyun eylər, keçini qoyun eylər” və bu qəbildən olan bir-neçə duzsuz, mənasız deyişmədən başqa heç-zad. Ona görə də tədbir və ya tamaşalarda heç bir özünə hörmət eləyən aktyor (tələbə, şagird) kosa və ya keçəllik etməyə razılıq vermir. Bu səbəbdən də bu rollar əsasən istedadsızlara həvalə olunur ki, bu da onları daha bəsit və maraqsız göstərir. Ona görə də sual yaranır: Bu bizə nə verir axı? Heç nə. Bu baxımdan əminliklə demək olar ki, folklorumuzun bu hissəsi çoxdan öz marağını itirib və bundan imtinanın zamanı yetişib. Diqqət yetirmişəm, son illər bir çox tədbirlərinin əksəriyyətində keçəl-kosa cütlüyü əvvəki illərlə müqayisədə artıq arxa plana keçirilib ki, bu da alqışlanası nüansdır. “Bahar” qız və Dədə Qorqud bizə yetər; kosa və keçəlin dilənçi torbalarını qoltuğuna vurub yola salmağın vaxtı yetişib” – E.Hüseynov qeyd edib.