“Hazırda ölkədə saatlıq iş rejiminin tətbiqi ilə bağlı müzakirələr gündəmdədir. Bu təcrübə bir sıra xarici ölkələrdə artıq tətbiq olunur və bir çox hallarda özünü doğruldub. Yeni modelin tətbiqi işin nəticəsinə əsaslanan yanaşmanı gücləndirə bilər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında vəkil Tağı Hüseynov səsləndirib.
“Belə bir deyim var. “Hər kəsə əməyinə görə, əməkhaqqı ödənilməlidir”. Elə insanlar var ki, onlar üçün gündə 3 saat işləmək kifayət edir və bu, həm onlar, həm də işəgötürən üçün daha səmərəli olur. Əsas nəticə əldə olunsun,” -deyə hüquqşünas bildirib.
T.Hüseynov qeyd edib ki, maraqlı məqamlardan biri isə bu yanaşmanın işəgötürənlərə mümkün təsiridir.
“Saatlıq iş rejimi düzgün qurulacağı təqdirdə, sahibkarlar üçün zərər deyil və əksinə daha çevik və effektiv iş modelinə gətirib çıxara bilər”.
Bundan əlavə, 4 günlük iş həftəsinə keçid mümkündür. Bu isə yalnız əmək bazarında deyil, həm də şəhər infrastrukturunda, xüsusilə, tıxacların azalmasında müsbət rol oynaya bilər”.
Aynurə İsmayıl
KONKRET.az