…Sübh tezdən yola çıxırıq. Ürəyimdə qəribə bir həyəcan var, sanki tanımadığım, amma ruhumun çoxdan bələd olduğu yerə gedirəm. Kəndlər, şəhərlər bir-birini əvəz etdikcə yurdumuzun gözəlliyi, bu gözəlliyə əlavə olunan çalarlar, yeni ab-hava, quruculuq və abadlıq, insanların xoş əhvali-ruhiyyəsi ürəyimi açır.
Şəffaf bulaqlar, sıx meşələr, bol məhsullu bağlar Allahın torpağımıza nemətidirsə, insanların rahatlığı üçün yaradılan şərait insan əlinin sığalının məhsuludur. Dövlətimizin bölgələrə qayğısı bu yerlərin cazibəsini daha da artırıb. Bakıdan bölgələrə uzanan yolların abadlığı, rahatlığı adamı sevindirir. Bu, təkcə paytaxtla bölgələr arasındakı məsafəni qısaltmır, şəhərlə əyalət arasındakı fərqi də sürətlə azaldır, regionların mədəni ab-havasını dəyişdirir. Musiqinin səsi avtobusu başına alıb.
Yenə yada düşüb, mən də deyirəm,
Düşmənə bir dərddi gədəbəylilər.
Bir qarış torpağı yada verməyib
Höcətdı cox, sərtdi gədəbəylilər,
Düşmənə bir dərddi gədəbəylilər…
Hər kəsin üzündə bir təbəssüm var. Kİmsə “Baxın, bu, Yasamal dağıdır” deyir. Kimsə gördüklərindən vəcdə gəlib: “Sənə şükürlər olsun, Allahım, yaratdıqlarının hamısı gözəldir” söyləyir. Nəhayət, uzun yol bizi mənzil başına çatdırır. Gədəbəydəyik. Özünəxas küçələri, döngələri, müasir görkəmi ilə sakit, xudmani şəhərləri xatırladır Gədəbəy. Təbiət gözəldir, insan əlinin yaratdıqları ondan da gözəldir. Sərin hava şəhərin istisindən, basırığından çıxan bizlər üçün lap göydəndüşmədir. Dağ havası, sanki nəfəsimizi deyil, ruhumuzu da təmizləyir. İlk dəfə bu qədər dərin bir sakitlik hiss edirəm. Gözdolusu ətrafa baxıram. Yaşıla bürünmüş dərələr, uzaqda görünən abad kənd evləri, hamar yollar adamı səssizcə özünə çağırır. Dağlar, sanki bu gözəl şəhəri bağrına basıb. Bu füsunkarlıq şəhərdə, sanki çoxdan itirdiyimiz, unutduğumuz duyğuları qaytarır adama. Düşünürəm ki, həyat təkcə böyük arzulardan, xəyallardan ibarət deyil, bəzən ürəyini titrədən bir mənzərə, bir udum təmiz hava, bərəkətli bir evdə içilən bir stəkan kəklikotulu, nanəli çay hər şeyə dəyər…
…Hamı həyəcanlıdır. Vaxt məhduddur. Tədbirin başlamasına az qalır.
Birbaşa Heydər Əliyev Mərkəzinə tələsirik. Mərkəzin böyük zalı ağzına qədər adamla doludur. Bizi gözləyirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Komitə yanında İctimai Şura və “Qadın Vəkillər Alyansı”nın birgə təşkilatçılığı ilə keçirilən görüş “Konstitusiya və Suverenlik İli”nə həsr olunub. Əsas məqsəd sakinlərlə canlı ünsiyyətdə olmaq, onları narahat edən məsələlərlə tanış olmaq, üzləşdikləri çətinlikləri öyrənmək, onlara hüquqi yardım göstərməkdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Səfərova, Gədəbəy Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Nicat Məmmədov, Komitə yanında İctimai Şuranın sədr müavini Venera Əsgərova, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Vəkillər Kollegiyası İdarə Heyətinin üzvü, “Qadın Vəkillər Alyansı”nın sədri Dilarə Əfrasiyabova ailələrin rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə uğurlu dövlət siyasətindən, həmçinin erkən nikah və qohum nikahları ilə bağlı qanunvericiliyə edilmiş dəyişikliklərdən danışırlar. Qadın vəkillərin iştirakı ilə ailələrin problemləri dinlənilir, onlara hüquqi məsləhətlər verilir. Sakinlər də öz problemlərini çəkinmədən dilə gətirir, təkliflərini bildirirlər. Elə bizim də istədiyimiz budur. Onlara təmənnasız hüquqi yardım göstərmək. Vəkil xanımlar bu işi ürəklə görürlər. Hamı məmnun görünür. Bir nəfərdən başqa…
…Ertəsi gün Gədəbəyi gəzirik. Amma, hər şeydən əvvəl dünənki görüşdə nigaran qaldığımız o bir nəfərin ailəsinə baş çəkirik. Məşhur Slavyanka kəndinə yollanırıq. (Adlarını yazmaq istəmirəm). Ailədə yaşanan problemi çözmək istəyirik. Əslində, xırda söz-söhbəti böyüdüb problem yaradıblar. Ailədə gəlin, qaynana, ata, ana və 4 gül parçası kimi övlad var. Böyük oğul Bakıda texnikumda təhsil alır. Qaynana ilə gəlinin sözü düz gəlmir, indi boşanma üçün müraciət ediblər. Xeyli söhbət edirik, heç biri yola gəlmir. Nəhayət, deyəsən, iynənin ucu boyda işıq görünür. Qəmərxanım Cavadlının ailəyə təklifi aradakı buzu əridir. O, ailənin iki yeniyetmə oğlunun kollecdə təhsilinə kömək edəcəyinə söz verir, ailədən razılıq istəyir. Sanki hamının üstünə gün doğur. Ailədən ümidlə ayrılırıq, inanırıq ki, cəhdimiz boşa getməyəcək, bir ailəni dağılmaqdan xilas edəcəyik…
…Gədəbəydə sakinlərlə görüşdə tanıdığımız işıqlı insanlardan danışmaq istəyirəm. Aytəkin Nağıyeva Parakənd sakinidir. Şəhid Elfaq Azad oğlu Nağıyevin anasıdır. Şəhid anası olmaq asan deyil! “Oğul” deməkdən dodaqları torpaq susuzluqdan cadar-cadar olan kimidir. Amma əgər o dodaqlar “Vətən sağ olsun!” deyə pıçıldayırsa, demək, bu qadın bu millətin baş tacıdır! Bu millətin ən böyük susuzluğunu, məhz onun böyütdüyü oğul yatırıb. Xalqın mübarizlik, əyilməzlik və məğrurluq rəmzinə dönən igid bu qadının tərbiyəsini görüb, onun laylası ilə sevib ikinci anasını – Vətənini… Aytəkin xanım fəxrlə “Mən qəhrəman Elfaqın anasıyam” deyir. O, Elfaq ki, Vətən müharibəsində Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Hadrut və bir neçə strateji yüksəkliyin azad olunmasında şücaət göstərib. 2020-ci il oktyabrın 9-da Hadruta bayraq sancan əsgərlərdən biridir. Oktyabrın 21-də 24 yaşında Xocavənddə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Doğulduğu Parakənddə dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalı, III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Aytəkin xanım onu da fəxrlə deyir ki, Elfaqa məxsus materialları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna təhvil vermişik, çünki o, təkcə bizim yox, həm də Azərbaycanın oğludur…
Bir də sizə İslam Aydın oğlu Aslandan danışım. Çox vətənpərvərdir. Diş həkimidir. Gənc olmasına baxmayaraq, rayonda hamının hörmətini qazanıb. Rəhmətlik atası da cərrah olub. İslam marağımızı görüb bizi Gədəbəyi gəzdirəcəyinə söz verir. Hamımızın ürəyindən olur. O, yorulmaq bilmədən bizə Gədəbəyi dörd dolandırır. Əvvəlcə məşhur Narzan bulağına gedirik. Gədəbəyə gələsən, bu bulağın suyundan içməyəsən, olmaz. Deyilənə görə, bu su bir çox xəstəliklərə dərmandır. Bulağın başında isə əsl qələbəlikdir…
Sonra Başkəndə yollanırıq. İslam “dil qəfəsə qoymur”, elə hey yurdundan, onun zəngin tarixindən, təbii sərvətlərindən, məşhur insanlarından, qəhrəman övladlarından danışır, fəxrlə danışır. Bundan böyük zövq alır. Bax, bu, Kəsəmən kəndidir, bu, Poladlıdır, bu, Şınıx kəndidir, bu, Nəriman kəndidir, bu, şəhid Elfaqın Parakəndidir…
Bura Düzyurddur, bura Gərgərdir, bura Darıkənddir, bura Poladlıdir, bura Darıkənddir, bura Dərmandağıdır, bura Kiçik Qaramuraddır, bura Böyük Qaramuraddır, bura Qızıl torpaqdır, bura Saratovkadır… Yolboyu İslamın bir istedadını da kəşf edirik. Məşhurları böyük ustalıqla parodiya edir. Bunu elə məharətlə edir ki, sanki heç həkim deyil, parodiyaçıdır. Başkənd gölünün kənarında təzəcə dəmlənmiş samovar çayı isə lap yerinə düşür…
Bir sözlə, Gədəbəydə gözəllik gördüm. İnsanların gözəlliyi, təbiətin gözəlliyi, Vətənin gözəlliyi. Bu harmoniyanın bir adı var: sadəliyin içində gizlənmiş gözəllik…
FİRUZƏ NADİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri, Əməkdar jurnalist